Bu məlumat Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən hazırlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi dövlət satınalmalarının rəqabətlilik və əlçatanlıq prinsipləri əsasında təşkili, satınalma proseslərində qanunvericiliyə riayət olunmasına nəzarət və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
“İki sahil” xəbər verir ki, 2025-ci ilin I yarımilində elektron satınalmaların həcmi 1.632,7 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü (1.455,7 mln. manat) ilə müqayisədə 12,2% artım qeydə alınıb. Müsbət dinamika dövlət satınalmalarının “E-tender.gov.az” vahid internet portalında funksionallığın genişləndirilməsi, prosedurların sadələşdirilməsi, təchizatçıların prosesə daha rahat qoşulması və rəqabət imkanlarının artması ilə bağlıdır.
Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrünə nəzərən 38,6% artaraq 329,2 milyon manat təşkil edib. Əldə olunan nəticələr dövlət vəsaitlərinin məqsədyönlü istifadəsi ilə əlavə xərclərin minimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi hesabına təmin edilib.
Cari ilin 6 ayı ərzində açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 4,3, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,7 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda orta iştirakçı sayı ümumilikdə 2,8% artıb, o cümlədən açıq tender metodu üzrə 7,5% artım qeydə alınıb, kotirovka sorğusu metodu üzrə isə bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisi ilə eynilik (3,4) təşkil edib. Çoxiştirakçılığın təmin edilməsi satınalma proseslərində sahibkarların bərabər imkanlarla iştirakına və bazara çıxış imkanlarının genişlənməsinə şərait yaradır. Bu isə sahibkarlıq mühitinin inkişafına və iqtisadi fəallığın artmasına töhfə verir.
Bundan əlavə, dövlət satınalmalarında şəffaflığın təmin edilməsi və ədalətli rəqabət mühitinin qorunması, o cümlədən müraciətlərin çevik emalı istiqamətində müntəzəm tədbirlər görülüb. Satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar Agentliyə daxil olan 789, digər məsələlərlə əlaqədar isə 239 müraciətə baxılıb. Müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 501 yekun protokol ləğv edilib.
Təchizatçıların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılması və sənədləşmə prosesinin sürətləndirilməsi məqsədilə müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin “E-tender.gov.az” portalı vasitəsilə real vaxt rejimində əldə olunması üçün Agentlik tərəfindən Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə inteqrasiyalar həyata keçirilib.
Bundan əlavə, portalda satınalma komissiyası tərəfindən şərtlər toplusunun elektron şəkildə qanunvericiliyin bütün tələbləri nəzərə alınmaqla yaradılması, uzadılmış satınalmalarda verilmiş təkliflərin avtomatik olaraq yeni versiyaya köçürülməsi, yenidən yaradılmış satınalmaların əvvəlki ləğv edilmiş versiyalarla sistem daxilində əlaqələndirilməsi və portal istifadəçiləri üçün keçid imkanının təmin edilməsi və s. kimi yeni funksionallıqlar əlavə edilməklə təkmilləşdirmələr aparılıb.
Qeyd: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir.