“Vətən Müharibəsində qazandığımız parlaq qələbənin ən mühüm nəticələrindən biri də Laçın rayonun işğaldan azad edilməsidir. Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində Laçın rayonunun işğaldan azad edilməsinə hərbi əməliyyatlar aparılmadan nail olundu”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Millət vəkili bidlirib ki, Laçın dəhlizi uzun illər Ermənistanla Qarabağdakı separatçı qurum arasında əsas rabitə zonası olub. Rayonun işğaldan azad edilməsi Azərbaycan ordusuna böyük hərbi-straeji üstünlük qazandırıb: “1992-ci ildə AXC-Müsavat cütlüyünün səriştəsizliyi səbəbindən böyük strateji əhəmiyyət daşıyan Laçın şəhəri düşmənə təhvil verildi. Bu hadisə müharibənin gedişində Azərbaycanın hərbi vəziyyətinə ciddi zərbə vurdu və bölgədə hərbi-strateji balansın Ermənistanın xeyrinə dəyişməsinə səbəb oldu. Laçının işğalı nəticə etibarilə həm də Ermənistanın ərazi iddialarının Qarabağla məhdudlaşmadığını təsdiq edirdi. Çünki rayon keçmiş Daqğlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşirdi”.
S.Məmmədov qeyd edib ki, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonunun bir güllə belə atılmadan işğaldan azad olunaraq Azərbaycana təhvil verilməsi məhz Azərbaycan Prezidentinin qətiyyəti, müdrik siyasəti sayəsində mümkün oldu: “Bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri təbii sərvətləri ilə zəngin olan bu bölgənin Azərbaycan iqtisadiyyatına inteqrasiyası üçün geniş imkanlar yaradır. Laçın Beynəlxalq Hava Limanı rayonun strateji əhəmiyyətini, nəqliyyat-logistika imkanlarını artırmaqla yanaşı, regionun turizm potensialının inkişafı üçün də yeni perspektivlər açır”.
Deputat bildirib ki, Laçında Böyük Qayıdış proqramı da uğurla icra olunur. 2023-cü ilin 28 may tarixindən etibarən laçınlıların öz doğma torpaqlarına qayıdışına start verilib. Artıq Laçın şəhərində 571 ailə, Zabux kəndində 217 ailə, Sus kəndində 59 ailə, Bəylik kəndində 89 ailə məskunlaşıb: “MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Bu fakt Laçın rayonunun Azərbaycan üçün əhəmiyyətini təsdiq etməklə yanaşı, burada həyata keçirilən bərpa-quruculuq işlərinin sürətlə davam etdiyini göstərir.”.