Vəkillər Kollegiyasının sədri Anar Bağırov Böyük Britaniyanın Kembric Universitetinin Korporativ Hüquq magistratura proqramına qəbul olunan vəkil Gülzada Mirzəməmmədova ilə görüşüb.
Bu barədə "İki sahil"ə Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, kollegiyanın binasında baş tutan görüşdə sədr Anar Bağırov gənc vəkili təbrik edərək bu nailiyyəti həm şəxsi uğur, həm də Azərbaycan vəkilliyi üçün qürurverici hadisə kimi qiymətləndirib.
Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan sədr Gülzada Mirzəməmmədovaya akademik fəaliyyətində və gələcək peşə karyerasında uğurlar arzulayaraq, belə nümunələrin ölkəmizdə gənc hüquqşünasların inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.
Eyni zamanda Azərbaycanda elm və təhsilə göstərilən davamlı dövlət qayğısı diqqətə çatdırılıb, gənc hüquqşünasların peşə hazırlığının yüksəldilməsinin vacibliyi dilə gətirilib.
Gülzada Mirzəməmmədova səmimi görüşə görə minnətdarlığını bildirib, təhsil planları və gələcək fəaliyyəti barədə fikirlərini bölüşüb.