İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, prof. Vüsal Qasımlı Polşanın Karpaç şəhərində keçirilən 34-cü İqtisadi Forumda çıxış edib.
“İki sahil” xəbər verir ki, bu ilki forum “Keçid dövrü – Avropanı nə gözləyir?” (Time of Transition - What Future for Europe?) mövzusuna həsr olunub. Mərkəzi və Şərqi Avropanın ən böyük müzakirə platformasına çevrilən Polşa İqtisadi Forumunda dünyanın 60-dan çox ölkəsindən ictimai-siyasi xadimlər, iqtisadçı alimlər, ekspertlər, nüfuzlu təşkilatların nümayəndələri iştirak edirlər.
Vüsal Qasımlı forumda İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutu ilə tərəfdaşlığı nəticəsində ərsəyə gələn “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) kitabını təqdim edib. O, Dünya Bankının proqnozlarına istinad edərək bildirib ki, 2030-cu ilədək Çin və Avropa İttifaqı arasında ticarət dövriyyəsinin 30 faiz, Avropa İttifaqı ilə Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında isə 28 faiz artacağı gözlənilir. Bu artım, öz növbəsində, dəhlizin çevik və səmərəli idarə olunmasını zəruri edir. Yeni kitab Orta Dəhlizin həm nəqliyyat-tranzit marşrutu, həm də qlobal iqtisadi və siyasi əməkdaşlıq platforması kimi rolunu əhatə edir.
Vüsal Qasımlı qeyd edib ki, kitabın ideyası ilk dəfə 2023-cü ildə Polşada, məhz Karpaç İqtisadi Forumu çərçivəsində yaranıb. 10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya və Meksika) 22 alim tərəfindən yazılan kitab Avropanın nüfuzlu elmi nəşriyyatı olan Tırqu Mureş Universitet Nəşriyyatı (University Press Târgu Mureş) tərəfindən ingilis dilində çap olunub.
İİTKM-in icraçı direktoru forum iştirakçılarının diqqətinə çatdırıb ki, Orta Dəhliz Çin və Avropa İttifaqı arasında multimodal nəqliyyat imkanları yaradan və iqtisadi inteqrasiyanı gücləndirən strateji körpü kimi qiymətləndirilir. Kitabda Orta Dəhlizin tarixi İpək Yolunun inkişafı nəticəsində formalaşan yeni ticarət marşrutu olduğu vurğulanır, limanlar, sərhəd-keçid məntəqələri, yollar və digər infrastruktur imkanları təhlil edilir, həmçinin təkmilləşmə üçün konkret təkliflər irəli sürülür. Eyni zamanda, İpək Yolu regionunda enerji geosiyasəti və onun böyük güclərə təsirləri araşdırılır, “TRACECA”, “Bir Kəmər, Bir Yol” təşəbbüsü, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələrin rolu göstərilir.
Avropa İttifaqı üçün Orta Dəhlizin enerji dəhlizi kimi perspektivləri, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanla əməkdaşlıq imkanları, eləcə də Aİ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya strategiyası kontekstində enerji əlaqələrinin gücləndirilməsi məsələləri xüsusi yer tutur. Nəşrdə həmçinin Orta Dəhlizin potensial imkanlarının reallaşdırılması üçün regional ticarətin təşviqi, özəl sektorun fəal iştirakı və bütün infrastruktur sahələrinin sinxron inkişafı tövsiyə olunur. Yeni ödəniş və klirinq sistemləri, fintex və rəqəmsal maliyyə mexanizmlərinin xarici ticarət üçün yaratdığı imkanlar araşdırılır, milli valyutaların istifadəsi, rəqəmsal bankçılıq və kriptovalyutaların regional maliyyə əməkdaşlığında rolu önə çəkilir. Bundan başqa, ticarət, investisiya və azad iqtisadi zonalar üzrə aparılan araşdırmalarda ikitərəfli ticarət sazişlərinin təsiri, sərhədyanı zonaların əhəmiyyəti və infrastrukturun inkişafı ilə bağlı investisiya imkanları təhlil olunur, yerli kiçik və orta sahibkarlığın logistika proseslərində iştirakının artırılması və onlar üçün bərabər imkanların yaradılması zəruri hesab edilir.
Təqdimat zamanı Avrasiya regionunda infrastruktur təminatı, Xəzər hövzəsində neft və qaz nəqli, dəhlizdən istifadə ilə bağlı vahid hüquqi çərçivənin formalaşdırılması və qəbul edilmiş konvensiyaların ratifikasiyası kimi məsələlər müzakirə olunub. Vurğulanıb ki, Orta Dəhliz yalnız nəqliyyat dəhlizi deyil, həm də qlobal ticarət, enerji, maliyyə, təhsil və elmi əməkdaşlıq üçün yeni imkanlar yaradan strateji təşəbbüsdür.
Karpaç İqtisadi Forumu artıq 30 ildən çoxdur ki, Avropa İttifaqı ölkələri ilə onların qonşuları arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Hər il Forum çərçivəsində səsləndirilən strateji bəyanatlar və keçirilən debatlar beynəlxalq media və ekspert dairələrində geniş əks-səda doğurur.