Məlumat verilib ki, Azərbaycandan Türkiyəyə 120 milyard kubmetrdən çox qaz ixrac olunub, TANAP-la Türkiyəyə 35 milyard, Avropaya isə 50 milyard kubmetrdən artıq qaz nəql edilib. Bu ilin 8 ayında Türkiyəyə 6,6 milyard, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz çatdırılıb. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi sayəsində Suriyanın da enerji təhlükəsizliyinə töhfə verilir və qısa müddətdə bu ölkəyə 60 milyon kubmetr qaz göndərilib. “İğdır-Naxçıvan” qaz kəmərinin istifadəyə verilməsi, TPAO şirkətinin “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya qaz tədarükünə başlanması, “yaşıl enerji interkonnektor”larının qurulması və Zəngəzur dəhlizi, yaxud “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə razılaşmaların əldə olunması enerji əlaqələrimizin yeni, daha güclü səhifəsini yazır.
Eldəniz Əmirov: Azərbaycanda və Türkiyədə keçirilən Enerji forumları həm regional səviyyədə, həm də ikitərəfli istiqamətdə ölkələrin enerji siyasətini və əməkdaşlığını gələcəyə doğru istiqamətləndirmək mahiyyəti daşıyır
Azərbaycan-Türkiyə IV Enerji Forumunun əhəmiyyətini “İki sahil”ə şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanda və Türkiyədə keçirilən Enerji forumları həm regional səviyyədə, həm də ikitərəfli istiqamətdə ölkələrin enerji siyasətini və əməkdaşlığını gələcəyə doğru istiqamətləndirmək mahiyyəti daşıyır. Enerji sektoru hər zaman təkcə iqtisadiyyatın deyil, siyasi əməkdaşlığın da formalaşmasında çox böyük əhəmiyyətə malikdir. Enerji forumlarının istiqamətləri də müxtəlif sahələri əhatə edir. Həm ümumi elektrik bazarını, eyni zamanda, alternativ enerjinin ötürmə və paylanması, enerji ekosisteminin tənzimlənməsi, həm də bərpaolunan enerjinin effektivlik əmsalının səmərəliliyini və mədən texnologiyalarının tətbiqini özündə ehtiva edir. Bütün bu istiqamətlərdə aidiyyəti işçi qrupları yaradılıb, müzakirələr aparılır. Hər bir istiqamət üzrə aparılan müzakirələr həm Azərbaycan, həm də Türkiyə üçün əhəmiyyətlidir.”
Eldəniz Əmirov qeyd edib ki, Azərbaycan Türkiyənin nəinki ən böyük enerji təchizatçısı kimi çıxış edir, hətta qardaş ölkəyə enerji sektoruna, ümumiyyətlə iqtisadiyyatına ən böyük investisiya yatıran ölkədir: “Ona görə də iki ölkə arasında keçirilən Enerji forumlarının əhəmiyyətini, istiqamətini anlamaq daha aydın olur. Hesab edirəm ki, Enerji forumları uzun illər davam edəcək. Bir zamanlar üstünlük təşkil edən ənənəvi enerji forumları öz yerini daha çox alternativ enerji sektoruna ötürəcək. Növbəti Enerji forumlarında bərpaolunan enerji sektorunda müzakirələrin şahidi olacağıq. Bu Enerji forumları sonu olmayan forumlardır.”
İlham Şaban: Azərbaycan-Türkiyə IV Enerji Forumu ölkələrimiz arasında münasibətlərin enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəlməsini dəstəkləyən platformadır
Enerji məsələləri üzrə ekspert İlham Şaban Azərbaycan-Türkiyə IV Enerji Forumunu ölkələrimiz arasında münasibətlərin enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəlməsini dəstəkləyən platforma kimi qiymətləndirib: “İlk öncə bildirim ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. Azərbaycan-Türkiyə enerji birliyi tarixi zərurət, regional və Avropa miqyasında təhlükəsiz, dayanıqlı enerji təchizatının qarantıdır. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan və Türkiyə nəinki regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin davamlı təminatında strateji maraq kəsb edən ölkələrdir. Bu baxımdan Azərbaycan və Türkiyənin getdikcə artan geostrateji rolu, təbii ki, dövlət başçılarımızın bir-birinə sarsılmaz inam və güvənlə yürütdükləri siyasətin, onların timsalında Azərbaycan və Türkiyənin birləşmiş gücünün təcəssümüdür.”
İlham Şaban əlavə edib ki, Azərbaycanla Türkiyə arasında enerji sektoru üzrə müştərək layihələr mövcuddur: “Hər iki ölkədə reallaşdırılan həmin layihələrin əhəmiyyəti olduqca böyükdür. Bu formatda keçirilən tədbirlərdə həmin istiqamətlərdə layihələrin icra vəziyyəti, perspektivləri və onların genişləndirilməsi, inkişaf etdirilməsi yolunda hər iki dövlətə - Azərbaycana və Türkiyəyə gətirəcəyi dividendlərlə bağlı qarşılıqlı müzakirələr aparılır.”
Orxan Vahidoğlu, “İki sahil”