Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regionun və qlobal iqtisadi proseslərin dinamikasında strateji əhəmiyyət kəsb edir. Bu səfər zamanı keçirilən görüşlərdə gündəmə gətirilən məsələlər, əslində, Azərbaycanın mövcud inkişaf kursunun və gələcək vizionunun konseptual baxışını ortaya qoyur. Prezidentin vurğuladığı əsas məqam ondan ibarətdir ki, Azərbaycan dövlətinin iqtisadi yüksəlişi təsadüfi deyil, məqsədyönlü siyasət və düşünülmüş strateji qərarların nəticəsidir. Cənubi Qafqazda lider mövqeyə sahib olan Azərbaycan artıq yalnız regional çərçivədə deyil, Avropa və Asiyanın iqtisadi təhlükəsizliyində mühüm rol oynayır. Xüsusilə enerji sahəsində atılan addımlar Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında etibarlı tərəfdaş statusunu möhkəmləndirir. Avropanın enerji təminatında ölkəmizin oynadığı rol da bu həqiqəti təsdiqləyir. Azərbaycanın zəngin enerji ehtiyatlarını yalnız ixrac etmək deyil, eyni zamanda onların ötürülməsi üçün yeni marşrutlar formalaşdırmaq istiqamətində həyata keçirdiyi siyasət uzunmüddətli perspektivdə milli maraqların qorunmasına xidmət edir. Enerji əməkdaşlığı Azərbaycanın iqtisadi siyasətində prioritet olaraq qalmaqla yanaşı, ölkəmizə beynəlxalq münasibətlərdə əlavə üstünlüklər qazandırır. Prezident İlham Əliyevin Çinə səfəri də göstərdi ki, Azərbaycan bu sahədə yeni imkanları araşdırır, tərəfdaşlıq formatını genişləndirir və həm Şərq, həm də Qərb üçün etibarlı körpü rolunu davam etdirir. Bu, həm iqtisadi təhlükəsizliyin möhkəmlənməsi, həm də regional sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Enerji ixracı ilə qlobal təhlükəsizliyə töhfə
Avropaya artan enerji ixracı fonunda Azərbaycanın eyni zamanda Suriya da daxil olmaqla 14 ölkəyə təbii qaz ötürməsi ölkəmizin beynəlxalq miqyasda etibarlı enerji təminatçısı statusunu daha da möhkəmləndirir. Bu amil Azərbaycanın həm regionda, həm də qlobal miqyasda enerji təhlükəsizliyinin qorunmasında aparıcı rola malik olduğunu göstərir. “Mavi yanacağın” ixracında lider mövqeyə sahib olmaqla yanaşı, ölkəmiz qlobal miqyasda baş verən enerji böhranlarının aradan qaldırılmasına, eyni zamanda ekoloji risklərin minimuma endirilməsinə də xüsusi diqqət yetirir. Azərbaycanın gündəminə gətirdiyi “yaşıl enerji” strategiyası məhz bu hədəflərə xidmət edir. Bu yanaşma yalnız iqtisadi dividendlər əldə etməyə deyil, həm də ölkəmizin beynəlxalq enerji bazarında liderlik mövqeyini qorumağa hesablanıb. Prezident İlham Əliyevin siyasi iradəsi və müəyyənləşdirilən uzunmüddətli prioritetlər göstərir ki, Azərbaycan təkcə ənənəvi enerji resurslarının ixracında deyil, həm də alternativ enerji sahəsində aparıcı ölkələrdən birinə çevrilmək niyyətindədir.
Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası”
Hazırda Azərbaycanın enerji siyasətində ənənəvi mənbələrlə yanaşı, alternativ enerji istiqamətləri də əsas prioritetlərdən birinə çevrilib. Respublikanın quruda 27 qiqavatdan artıq külək və günəş enerjisi, Xəzər dənizində isə 157 qiqavat külək enerjisi potensialı mövcuddur. Bu rəqəmlər ölkəmizin gələcəkdə yalnız regionun deyil, həm də dünyanın aparıcı “yaşıl enerji” ixracatçılarından birinə çevrilə biləcəyini göstərir. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində 10 qiqavatdan çox külək, günəş və hidroenerji potensialının mövcudluğu bu ərazilərin bərpa və dirçəlişini sürətləndirən mühüm amillərdəndir. Bu resursların istifadəsi həm də həmin bölgələrin “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində atılan addımların praktiki əsasını təşkil edir. Məhz bu səbəbdən Azərbaycanın beynəlxalq tərəfdaşlarla, xüsusilə də Çinlə əməkdaşlığı strateji əhəmiyyət kəsb edir. Çinin “yaşıl enerji” sahəsindəki təcrübəsi və texnoloji imkanları ölkəmizin mövcud potensialını reallığa çevirməkdə mühüm rol oynaya bilər. Bu əməkdaşlıq həm iqtisadi dividendlər baxımından ölkəyə yeni üstünlüklər qazandırır, həm də Azərbaycanın enerji sektorunda lider mövqeyini möhkəmləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 2-də Çinin Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşü ölkəmizin enerji sahəsində gələcək inkişaf perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyırdı. Görüş zamanı “yaşıl enerji”, su resurslarının idarə olunması, elektroenergetika və digər strateji istiqamətlərdə əməkdaşlıq məsələlərinin geniş müzakirə olunması Azərbaycanın enerji siyasətində yeni mərhələnin konturlarını ortaya qoydu. Şirkətin Azərbaycandakı fəaliyyəti yüksək qiymətləndirildi, həmçinin günəş və külək stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin tətbiqi və bu sahə üzrə yerli mütəxəssislərin hazırlanması istiqamətində konkret perspektivlər dəyərləndirildi.
Prezidentin səfəri çərçivəsində diqqətçəkən görüşlərdən biri də “Sichian Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri Sie İ ilə keçirilən müzakirə oldu. Burada əsas mövzu Azərbaycanın strateji inkişaf planlarında mühüm yer tutan Ələt Azad İqtisadi Zonası ilə bağlı idi. Yaxın gələcəkdə bu zonada günəş panellərinin istehsalı üçün ən müasir texnoloji standartlara cavab verən müəssisənin yaradılması istiqamətində müzakirələr aparıldı. Bu təşəbbüs Azərbaycanın alternativ enerji sektorunda daxili istehsal gücünü artırmaqla yanaşı, ölkəmizi regionun “yaşıl texnologiyalar” üzrə ixrac mərkəzinə çevirmək baxımından da mühüm imkanlar açır.
Böyük layihələr və qlobal əməkdaşlıq
Göründüyü kimi, Azərbaycan–Çin dialoqunun ən mühüm istiqamətlərindən birini “yaşıl enerji” əməkdaşlığı təşkil edir. Bu sahədə qarşılıqlı əlaqələrin böyük gələcək perspektivləri mövcuddur. Xüsusilə bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanan sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın konkret nəticələrini ortaya qoydu. Həmin sənədlər bərpaolunan enerji sahəsində irimiqyaslı layihələri əhatə edir. Belə ki, 260 MVt gücündə günəş elektrik stansiyasının, 100 MVt-lıq üzən günəş elektrik stansiyasının, 30 MVt gücündə batareya enerji saxlanc sisteminin inşası nəzərdə tutulur. Bununla yanaşı, dənizdə minimum 2 qiqavat gücündə külək elektrik stansiyasının inşası, əlavə 2 qiqavatlıq külək enerjisi layihəsinin icrası və bərpaolunan enerji ilə elektrik enerjisi sisteminin planlaşdırılması istiqamətində əməkdaşlıq razılaşdırılıb.
COP29 çərçivəsində Azərbaycanın “yaşıl enerji” gündəliyi daha da güclənib. Energetika Nazirliyi ilə Çinin “PowerChina Resources Limited” və “TBEA Co., Ltd” şirkətləri arasında imzalanan anlaşma memorandumları ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığının genişləndiyini təsdiqləyir. Bu, Azərbaycanın bərpaolunan enerji üzrə hədəflərinə qlobal tərəfdaşlıq müstəvisində çatmaq niyyətinin bariz göstəricisidir. Bu il həm də “yaşıl enerji” sektorunda əlamətdar hadisələrdən biri baş verdi. Belə ki, “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasında artıq 9 turbin quraşdırılıb. Stansiyanın tam fəaliyyəti Azərbaycanın enerji balansında bərpaolunan mənbələrin payını nəzərəçarpacaq dərəcədə artıracaq. İlkin hesablamalara görə, burada ildə təxminən 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu nəticə bir neçə mühüm üstünlük qazandıracaq: 220 milyon kubmetr təbii qaza qənaət ediləcək, atmosferə 400 mindən artıq ton karbon emissiyasının buraxılmasının qarşısı alınacaq və təqribən 300 min ev elektrik enerjisi ilə təmin olunacaq. Layihənin ümumi dəyərinin 340 milyon dollar təşkil etməsi Azərbaycanın “yaşıl enerji”yə böyük həcmdə sərmayə cəlb etmək imkanını da nümayiş etdirir.
Prezident İlham Əliyevin Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatında çıxışı da Azərbaycanın “yaşıl enerji” gündəliyinin beynəlxalq miqyasda əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlərdən aydın görünür ki, Azərbaycanın bərpaolunan enerji hədəfləri təkcə milli maraqlar çərçivəsində deyil, həm də qlobal enerji təhlükəsizliyi baxımından mühüm rol oynayır. Prezidentin vurğuladığı məqam ondan ibarətdir ki, Azərbaycanın müəyyənləşdirdiyi strateji kurs davamlı olaraq reallaşacaq və ölkəmiz qlobal enerji xəritəsində “yaşıl keçid”in etibarlı mərkəzlərindən birinə çevriləcək. Bu, həm dünya dövlətləri üçün yeni əməkdaşlıq imkanları yaradır, həm də Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirir.
Gələcəyə etibarlı enerji supergücü
Nəticə etibarilə, Prezident İlham Əliyevin Çinə səfəri və bu çərçivədə keçirilən çoxsaylı görüşlər Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Enerji siyasətində ənənəvi resursların ixracı ilə yanaşı, “yaşıl enerji”yə keçid kursunun ardıcıl və sistemli şəkildə həyata keçirilməsi Azərbaycanın qlobal miqyasda strateji rolunu daha da artırır. Çinin qabaqcıl texnologiyalarından və sərmayə imkanlarından istifadə etməklə həyata keçirilən layihələr ölkəmizin iqtisadi dayanıqlılığını möhkəmləndirəcək, enerji təhlükəsizliyini təmin edəcək və Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirəcək.
Azərbaycan artıq təkcə regionda deyil, həm də qlobal enerji gündəliyində söz sahibi olan, tərəfdaşlıq platformalarında etibarlı və məsuliyyətli mövqeyi ilə seçilən bir ölkədir. COP29-a ev sahibliyi edən Azərbaycanın dünyaya təqdim etdiyi “yaşıl enerji” konsepsiyası isə milli maraqların təmin olunması ilə yanaşı, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Bu siyasət həm iqtisadi dividendlərin əldə edilməsini, həm ekoloji sabitliyin qorunmasını, həm də gələcək nəsillər üçün dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan strateji kurs Azərbaycanın müasir dövrdə enerji supergücünə çevrilməsini, eyni zamanda, “yaşıl keçid”in aparıcı mərkəzlərindən biri olmasını təmin edir. Bu isə ölkəmizin gələcək inkişafının, beynəlxalq nüfuzunun və regional liderliyinin etibarlı zəmanətidir.
Nigar Orucova, “İki sahil”