05 sentyabr 2025 15:29
153

Azərbaycanın turizm potensialı Vyetnamda təqdim olunur 

Azərbaycan Turizm Bürosu (ATB) tərəfdaşlarla birgə Vyetnamda Ho Şi Min şəhərində keçirilən 19-cu Beynəlxalq Turizm Sərgisində (ITE HCMC) ölkənin turizm imkanlarını nümayiş etdirir.  

“İki sahil” xəbər verir ki, “Experience Azerbaijan” stendinin ziyarətçilərinə ATB nümayəndələri və turizm sahəsi tərəfdaşları tərəfindən ölkə haqqında məlumat verilir və potensial əməkdaşlıq imkanları dəyərləndirilir.

Vyetnama səfər çərçivəsində ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmit sentyabrın 8-də Hanoi Ticarət və Turizm Kollecində Azərbaycanda turizmin inkişafı və səyahət imkanları barədə çıxış edəcək. 

Qeyd edək ki, 30-dan çox ölkədən iştirakçının qatıldığı “ITE HCMC” sərgisi Asiyanın aparıcı turizm və səyahət tədbirlərindən biridir və Vyetnam ilə beynəlxalq turizm bazarı arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma rolunu oynayır. 

Sentyabrın 6-dək davam edəcək sərgi, yeni istiqamətlərin təqdimatı, səyahət trendlərinin araşdırılması, strateji tərəfdaşlıqların qurulması, brendin Asiya və daha geniş regionda tanıdılması üçün imkanlar təqdim edir.