09 sentyabr 2025 00:14
115

Aqrar sığorta ödənişləri genişlənir: 41 rayonda fermerlərə dəstək

Başlıca məqsəd fermerlərin maliyyə dayanıqlığı və fəaliyyətlərinin davamlılığının təmin edilməsidir

Ölkəmizin iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı sektoru mühüm yer tutur. Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət dəstək mexanizmləri gücləndirilib, fermerlərin texnologiya və maliyyə resurslarına çıxışı asanlaşdırılıb. Fermerlərimizin müasir kənd təsərrüfatı texnikası, dəqiq əkinçilik sistemləri, rəqəmsal idarəetmə vasitələri və ekoloji təmiz istehsal texnologiyaları ilə tanış olması üçün imkanlar yaradılıb. Ötən 20 il ərzində uğurlu aqrar siyasət sayəsində bu sahənin modernləşdirilməsi reallaşıb ki, nəticədə məhsuldarlıq artmaqla ixrac imkanları genişlənib.

Fermerlər üçün aqrar sığortanın əhəmiyyəti

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Aqrar Sığorta Fondu meyvə bağlarını və məhsulu dolu, fırtına-qasırğa, sel-subasma, normadan artıq qar yığıntaları, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri, bitki xəstəlikləri və xüsusi təhlükəli zərərvericilərin hücumu kimi risklərdən sığorta edir. Fond tərəfindən tətbiq olunan “Aqrar Sığorta” sisteminin əsas vəzifəsi kənd təsərrüfatı sahəsində çalışan fermerlərin dayanıqlı və davamlı fəaliyyətlərinin təmin edilməsidir. “Aqrar Sığorta” sistemi vasitəsilə fermerlər öz fəaliyyətlərini daha güvənli şəkildə həyata keçirə bilərlər. 5 ildir ki, Aqrar Sığorta Fondunun “Aqrar Sığorta” sistemi istehlakçıların geniş istifadəsinə təqdim edilib. Dövlət tərəfindən aqrar sığorta haqlarının 50 %-i maliyyələşdirilir. Bunun da başlıca məqsədi fermerlərin maliyyə dayanıqlığı və fəaliyyətlərinin davamlılığının təmin edilməsidir.

Ölkəmizdə 1 milyon 700 min hektar əkinə yararlı torpaq sahələri var ki, onun da hər il 20 %-i Fond tərəfindən sığortalanır. Bu, ölkə ərazisinin 5-də 1-nin sığorta təminatı altında olması deməkdir. Fond tərəfindən 2024-cü ildə 4.4 milyon, 2025-ci ilin ilk yarısında artıq 4,5 milyon manatdan daha yüksək bir məbləğ istehlakçılara zərər qismində ödənilib. Bu da bir daha əkin sahələrinin fermerlərimiz tərəfindən sığortalandığını, Fond və dövlət tərəfindən onların fəaliyyətlərinin dəstəkləndiyini göstərir.

Rayonlar üzrə sığorta ödənişləri və zərərin səbəbləri

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan bölgələrin sırası genişlənir. 2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərərlər üzrə 41 rayonda fermerlərə aqrar sığorta ödənişləri edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş edilən rayonların sayı artıb. Belə ki, 2024-cü ilin ilk yarısında 37 rayonda aqrar sığorta ödənişləri həyata keçirilmişdi. Yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən – Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Xocalı, Beyləqan, Şəki, Samux, Sabirabad, Qax, Balakən, Yevlax, İsmayıllı, Kürdəmir, Zaqatala, İmişli, Qobustan, Goranboy, Bərdə, Xocavənd, Göyçay, Ağdam, Şamaxı, Xaçmaz, Qəbələ, Şəmkir, Yardımlı, Astara, Qusar, Neftçala, Oğuz, Zərdab, Masallı, Lerik, Ağdaş, Xızı, Cəbrayıl, Cəlilabad və Siyəzən rayonlarına ödənişlər edilib.

Aqrar Sığorta Fondu tərəfindən əsasən bitkiçilik, heyvandarlıq məhsulları sığortalanır. Ən çox ödənişlər bitkiçilik sahəsi üzrə ödənilib. İkinci, heyvandarıq sahəsi üzrə ödənilib. Ölkəmizin əkinə yararlı sahələrinin 50%-dən çoxu məhz taxıl bitkiləri üzrədir və bizim ənənəvi olaraq taxıl üzrə etdiyimiz ödənişlər ümumi ödənişlər strukturunda daha yüksək paya malikdir. 2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara 41 rayonda sığorta ödənişi edilib. Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55% artıqdır. Sığorta ödənişlərindən 4 milyon 245 min manat əkin sahələri, 190 min manat isə heyvandarlıq sığortası üzrə ödənilib. Ən çox zərər ödənişi həyata keçirilən rayonlar Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəki olub. Hesabat dövründə ən çox ödənişlər taxıl, qarğıdalı, pambıq sahələri ilə yanaşı, günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız əkinləri üzrə olub. Fermerlərə ən çox zərər vuran hadisələr isə dolu, sel-subasma, fırtına və leysan olub.

Xatırladaq ki, Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığorta edir. Fond 41 növ bitkini sığorta edir ki, bu da ölkənin əkin sahələrinin 96%-i deməkdir.

Orxan Vahidoğlu, “İki sahil”