09 sentyabr 2025 00:57
110

Azərbaycanın ticarət dövriyyəsində Avropa İttifaqı ölkələri yenə də öndədir

Cari ilin 7 ayında bu dövlətlərlə 12 milyard 404,2 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçi­rilib ki, bu da 2024-cü ilin müvafiq dövrünə nisbətən 14 faiz çoxdur 

Azərbaycanın iqtisadi ikişafının daha bir göstəricisi həm də ticarət dövriyyəsində baş verən artımlardır. Təbii ki, bu proses zamanı ölkəmizin ixrac və idxal etdiyi məhsulların çeşidləri də zənginləşmişdir. Ticarət dövriyyəsində yenə də həmişəki kimi Avropa İttifaqı (Aİ) ölkələri öndə gəlir. Belə ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan bu dövlətlərlə 12 milyard 404,2 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçi­rib. Bu isə 2024-cü ilin müvafiq dövrünə nisbətən 14 faiz çoxdur. 

Dövlət Gömrük Komitəsinin məlumatı­na əsasən, son bir ildə Azərbaycanın ittifaq ölkələrinə ixracının dəyəri 14,7 faiz artaraq 10 milyard 715,4 milyon ABŞ dollarına ça­tıb. Eyni zamanda, ötən bir il ərzində bu ölkələrlə 1 milyard 688,8 milyon dollarlıq idxal əməliyyatları aparılıb ki, bu da 9,7 faiz artım deməkdir. Cari ilin yeddi ayı ərzində ittifaq ölkələrinin Azərbaycanın ümumi ixracında payı 70,4 faiz, idxalında payı isə 12,4 faiz təşkil edib.

Sözügedən komitənin hesabatında 2025-ci ilin yanvar-iyul ayların­da Azərbaycanın ən çox idxal-ixrac əməliy­yatları apardığı ölkələrin də adları öz əksini tapıb. Yəni konkret olaraq siyahı­da ilk yerlərdə İtaliya, Almaniya, Çexiya, Yunanıstan və İspaniya qərarlaşıb.

Hesabat dövründə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 7 milyard 498,6 mil­yon dollar təşkil edib. Bunun isə 7 milyard 195,3 milyon dolları ixracın, 303,3 milyon dolları isə idxalın payına düşür. Ümumilik­də, son bir ildə bu ölkə ilə ticarət dövriy­yəsi 20,6 faiz, yəni ixrac 21,5 faiz, idxal isə 2,8 faiz artıb. 

Cari ilin 7 ayında ölkəmizin Almaniya ilə ticarət dövriyyəsinin həcmi 888,6 mil­yon dollara, o cümlədən ixrac 376,4 milyon dollara, idxal isə 512,2 milyon dollara ça­tıb. Son bir ildə bu ölkə ilə ticarət dövriy­yəsi 4,7 faiz, yəni idxal 9,7 faiz artıb, ixrac isə 1,3 faiz azalıb.

Yanvar-iyul aylarında Azərbaycan Çexiya ilə 593,2 milyon dollarlıq ticarət əməliyyatları aparıb. Bunun da 548,3 mil­yon dolları ixracın, 44,9 milyon dolları isə idxalın payına düşür. Son bir ildə bu ölkə ilə ticarət dövriyyəsi 6,2 faiz, yəni ixrac 8,3 faiz azalıb, idxal isə 29,4 faiz artıb.

Bununla yanaşı, cari ilin 7 ayında ölkə­mizin Yunanıstanla ticarət dövriyyəsinin həcmi 436,2 milyon dollar, o cümlədən ix­rac 410 milyon dollar, idxal isə 26,2 milyon dollar təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ölkə ilə ticarət dövriyyəsi 1,2 faiz artmışdır. Düzdür bu ölkə ilə ixrac 11,4 faiz artıb, idxal isə 30,2 faiz azalıb. 

Hesabat dövründə Azərbaycan İspani­ya ilə 148,3 milyon dollarlıq ticarət əməliy­yatları aparıb. Ümumi ticarət dövriyyəsinin 6,1 milyon dolları ixracın, 142,2 milyon dolları isə idxalın payına düşür. Son bir ildə isə bu ölkə ilə aparılmış ticarət dövriy­yəsində 23,5 faiz, o cümlədən ixracda 18,7 dəfə azalma, idxalda isə 77,8 faiz artım qeydə alınıb. 

Azərbaycanın Avropa İttifaqı ölkələrindən sonra ən çox ticarət dövriyyəsi apardığı Türk Dövlətləri Təşkilatına üzv ölkələrdir. Yenə də Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatı əsasında aparılan hesablamalara görə, 2025- ci ilin yanvar- iyul aylarında Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz və ya 324,3 milyon ABŞ dolları artıb. Hesabat dövründə respublikamızın TDT -yə üzv ölkələrlə ticarət dövriyyəsi 4,228 milyard ABŞ dolları təşkil edib. Bir sözlə, bu göstəricilərdən aydın olur ki, sözügedən ölkələrlə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,6 faizinə çatıb.

TDT ölkələri arasında əsas ticarət partnyorumuz yenə də qardaş Türkiyədir. Məlumdur ki. Türkiyənin inkişaf edən iqtisadiyyatı bu ölkəni məşhur böyük G-20-lərin sırasına qoşmuşdur. Məhz bu səbəbdən də Türkiyə ilə iqtisadi və ticari əlaqələrin inkişafı həm də keyfiyyətli və səmərəli nəticələr deməkdir.

Qeyd edək ki, 2025-ci ildə ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 3 milyard dollara çatıb. Qırğızıstanla ticarət dövriyyəsi iki dəfə artaraq 40 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 3,8 dəfə artaraq 517 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2,3 dəfə artaraq 269 milyon dollara bərabər olub.

Elçin Zaman, «İki sahil"