Sentyabrın 8-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun nümayəndə heyətinin Vyetnamın Hanoy şəhərinə təşkil olunan işgüzar səfəri çərçivəsində Vyetnamın turizm üzrə aidiyyəti qurumlarının iştirakı ilə görüşlər keçirilib.
“İki sahil” xəbər verir ki, səfərdə ATB və Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən Hanoy Ticarət və Turizm Kolleci ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın turizm potensialı və turizm imkanlarının təqdim edildiyi tədbir baş tutub.
Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit və Azərbaycanın Vyetnamdakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadənin iştirakı ilə keçirilən tədbirdə, həmçinin turizm sahəsi üzrə təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.
Tədbirdə Vyetnam Sosialist Respublikasındakı diplomatik nümayəndəliklərin təmsilçiləri, turizm sənayesi nümayəndələri, turizm agentlikləri və tələbələr iştirak ediblər.
Səfər çərçivəsində Vyetnam Milli Turizm Administrasiyası və "VietJet Air" aviaşirkətinin rəhbər heyəti ilə görüşlər keçirilərək, turizm üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, 4-6 sentyabr tarixlərində Azərbaycan Turizm Bürosu (ATB) tərəfdaşlarla birgə Vyetnamda Ho Şi Min şəhərində keçirilən 19-cu Beynəlxalq Turizm Sərgisində (ITE HCMC) ölkənin turizm imkanlarını nümayiş etdirib.