09 sentyabr 2025 02:31
171

İnsanlar ölməz ola bilərlərmi?

Ötən həftə Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinin insanların 150 ildən çox yaşaması ilə bağlı söhbəti dünya ictimaiyyətinin marağına səbəb olub.

Bəs bu şərhlər elmi dəlillərlə dəstəklənirmi?

İnsanın qocalması ilə bağlı tədqiqatlar aparan ekspertlər deyirlər ki, səsləndirilən fikirlərdən bəziləri ağlasığmaz olaraq qalır. Lakin artan ciddi araşdırmalar da getdikcə nə üçün qocaldığımızı və bunu dayandırmağın üsullarını daha çox ortaya qoyur.

İnsan ömrünün həddi varmı?

İnsanın əbədi yaşaya biləcəyi fikrini təsdiqləyən heç bir elmi dəlil yoxdur.

Alimlər hələ də insan ömrünün bioloji həddi olub-olmaması ilə bağlı konsensusa gələ bilməyiblər. Şeffild Universitetinin qocalmanın biologiyası üzrə tədqiqatçısı İlaria Bellantuono “Agence France-Presse”ə (AFP) deyib: "Müzakirələr sona çatdırılmayıb".

Həqiqətən də, son bir neçə onillikdə səhiyyənin əksər sahələrində böyük irəliləyişlərə baxmayaraq, insanların uzunömürlülük rekordları təzələnmir.

1997-ci ildə 122 yaşında vəfat edən fransalı Jeanne Kalment hələ də təsdiqlənmiş ən yaşlı insan rekordunu saxlayır.

Bu, mütləq uzunömürlülük həddinə çatdığımız demək deyil.

“Science” jurnalında 2018-ci ildə aparılan araşdırmaya görə, ölüm nisbətləri nəhayət azalır, yəni 115 yaşlı adam 105 yaşındakı biri ilə müqayisədə ondan daha çox ölüm riski altında deyil.

Digər tədqiqatçılar isə pensiya saxtakarlığı etmək üçün insanların doğum haqqında şəhadətnamələri saxtalaşdırması ilə bağlı çoxsaylı hallara istinad edərək, həddindən artıq uzunömürlülük haqqında məlumatların yanıldıcı ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Bəs orqanların dəyişdirilməsi?

Boulanger bir sıra tibbi maneələri və etik narahatlıqları, o cümlədən təzə orqanlara daimi ehtiyac və təkrar transplantasiya əməliyyatlarının bədənə yarada biləcəyi travmatik təsirləri sadalayıb.

“Vücudumuz sadəcə orqanlardan ibarət deyil”, - o vurğulayıb.

Onların hər birinin yağ toxuması, sümükləri və s. var. Bunların hamısı yaşlanmadan mürəkkəb və bir-biri ilə əlaqəli şəkildə təsirlənir, bu da avtomobil hissələri kimi orqanların dəyişdirilməsi konsepsiyasını qeyri-real edir.

Uzun ömür üçün pul?

Bu yaxınlarda uzunömürlülük səylərinə külli miqdarda pul sərmayə qoyulmuşdur ki, bu da həyat tərzi və sağlamlıq sənayesinin yüksəlişinə səbəb olmuşdur.

Texnoloji fiqur Brayan Conson özünə əbədi həyat məqsədi qoyaraq və bir çox qocalma əleyhinə nəzəriyyələri, texnikaları və tendensiyaları öz üzərində sınaqdan keçirməklə bu yöndə bir simvola çevrilib.

Bununla belə, elm adamları bu cür səyləri tənqid edərək, onların elmi ciddiliyinin olmadığını və hətta təhlükəli ola biləcəyini xəbərdar edirlər.

Realist araşdırmalar

Bəzi son elmi nailiyyətlər bir gün qocalmaya qarşı mübarizə apara biləcəyimizə dair ümidləri artırıb.

AFP-yə müsahibə verən tədqiqatçılar epigenetika adlı sahəni xüsusilə vurğulayıblar.

Uzun müddətdir ki, DNT-dəki dəyişikliklər insanların qocalmasında mühüm amil hesab olunurdu. Bununla belə, genlərin DNT-ni dəyişdirmədən necə açılıb-bağlana biləcəyini öyrənən epigenetika son vaxtlar diqqəti cəlb edir.

 İyun ayında “Aging Cell” jurnalında dərc edilən araşdırmalar epigenetik yaşlanmaya təsir edən rapamisin dərmanının siçanlar da daxil olmaqla bir neçə heyvanın ömrünü uzatmağa kömək etdiyini müəyyən etdi.

Ancaq dərmanın insanlarda təsirinə dair heç bir zəmanət yoxdur.

Tədqiqatçılar insanlara sağ qalma müddətini artırmaq üçün hipotetik yollardan daha az narahat olmalarını və bunun əvəzinə qalan ömürlərini yaxşı keçirməyə əmin olmağı təklif edirlər.

"Diqqət gümrah keçən illərin sayını artırmağa yönəldilməlidir", -deyə Bellantuono bildirib.

Nubar Süleymanova, “İki sahil”