09 sentyabr 2025 09:40
136

ABŞ-da “GL Group”un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

“GL Group” şirkəti süni intellektdən istifadə etməklə seysmik məlumatların emal texnologiyasını bölgənin quruda yerləşən neft-qaz yataqlarında ilk dəfə tətbiq edib. Layihənin nəticələri ABŞ-ın Hyuston şəhərində keçirilən Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxalq Tədbirində (IMAGE 2025) təqdim olunub.

IMAGE 2025 geologiya və mühəndislik sahəsində keçirilən dünyanın ən böyük illik forumudur. Tədbir Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG), Amerika Neftçi Geoloqları Assosiasiyası (AAPG) və Çöküntü Geologiyası Cəmiyyəti (SEPM) tərəfindən təşkil olunur. Bu il konfrans 7 800-dən çox iştirakçını, 1 100-dən artıq texniki təqdimatı, təxminən 260 sərgi iştirakçısını və 93 ölkədən nümayəndələri bir araya gətirib. Dünya üzrə bir çox şirkətlər arasından “GL Group”a süni intellektin neft-qaz yataqlarında seysmik məlumatların emalında tətbiqi sahəsində öz təcrübəsini təqdim etmək imkanı verilib.

“GL Group”un Yataqların İdarə edilməsi üzrə qrup direktoru Kənan Əliyev və şirkətin petrofiziki Leyla İsmayılova layihəni təqdim ediblər. Mütəxəssislər Salyan rayonunda “GL Group”un afilə şirkəti olan “Salyan Oil Limited” tərəfindən istismar olunan “Kürsəngi” və “Qarabağlı” yataqlarında aparılan işlərdə süni intellektin tətbiqi ilə əldə olunan yeni imkanları nümayiş etdiriblər.

“Seysmik proseslərə süni intellektin inteqrasiyası uzun müddətdir tam öyrənilmiş ehtimal olunan yataqlarda yeni potensial imkanları üzə çıxarmağımıza şərait yaradıb. Bu, artıq istismar olunan yataqların səmərəli idarə olunması istiqamətində mühüm addımdır”, - deyə Kənan Əliyev bildirib.

Layihə seysmik tədqiqatda süni intellektin tətbiqinə ixtisaslaşmış “Waverity” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Qabaqcıl alqoritmlər mövcud məlumatların daha dəqiq şərhinə imkan yaradıb və ənənəvi üsullarla aşkar olunmayan, daha dərində yerləşən və qazılmamış zonaları müəyyən edib.

“Əldə olunan nəticələr qabaqcıl texnologiyaların və rəqəmsal həllərin fəaliyyətimizə inteqrasiyası üzrə strategiyamızı tam dəstəkləyir. Bu məqsədlə GL “Group” ən müasir texnologiyalardan yararlanır, innovativ yanaşmalar tətbiq edir, peşəkar mütəxəssisləri və ən təcrübəli ekspertləri öz komandasına cəlb edir” – “GL Group”un Baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov vurğulayıb.

“GL Group”un IMAGE 2025-də iştirakı həmçinin yataqların tədqiqi və istismarı sahəsində davam edən işlərin texniki poster sessiyasını da əhatə etmişdir.

“GL Group” haqqında: “GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. “GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.

AZƏRTAC