09 sentyabr 2025 18:58
150

AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının birinci gününə yekun vurulub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının birinci gününə yekun vurulub.

“İki sahil” xəbər verir ki, sessiyanın son iclası “Avrasiya inteqrasiyasının gücləndirilməsi: “Kəmər və Yol” Təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər təşəbbüslər” mövzusuna həsr olunub.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bugünkü tədbirdə "Bir kəmər, bir yol" təşəbbüsü, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu barədə danışdıqlarını, həmçinin Şimal marşrutundan söz açdıqlarını diqqətə çatdıraraq deyib: “Azərbaycanın bu layihələrdə məqsədi kimisə əvəz etmək deyil. Sadəcə, yüklərin qısa zamanda lazım olan nöqtəyə çatdırılmasına kömək göstərməkdir. Bir çox məhdudiyyətlər vardır: Rusiya-Ukrayna müharibəsi, Qırmızı dənizdə baş verən hadisələr və digər məsələlər. Bunun üçün bu marşrutlar önəmlidir”.

O bildirib ki, tarixən İpək Yolu adlanan region təkcə ticarət yox, mədəniyyət marşrutu da olub. Arxeoloji qazıntılar zamanı burada bir çox mədəni abidələr aşkar edilib.

Zəngəzur dəhlizinin potensialı barədə söz açan BMTM sədri Vaşinqtonda əldə edilmiş razılaşmanı xatırladaraq bu marşrutun bir çox ölkələrin ticarət əlaqələrinə mühüm töhfə verəcəyini bildirib: “Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında barışıq layihəsi olacaq. Getdikcə Orta Dəhlizə tələbat artır. Bizim əsas məqsədimiz bu marşrutlara dəyər qatmaqdır”.

Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Vaşinqtonda atılan tarixi addımın (Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanması – red.) yeni səhifənin açılmasına səbəb olduğunu deyib: “İnanıram ki, bu, regionda daimi sülhə gətirib çıxaracaq. Bu təşəbbüs dənizə çıxışı olmayan ölkələr üçün önəm daşıyacaq, həmçinin Orta Asiya ölkələrinin ticari əlaqələrinin inkişafına kömək göstərəcək”.

O, Orta Dəhlizin hərtərəfli inkişafın təzahürü olduğunu qeyd edərək, bu marşrutun Asiyanın Avropa ilə birləşdirilməsinə mühüm töhfə verdiyini deyib.

İranın Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Morteza Damanpak Jami bugünkü dünyada iqtisadi və geosiyasi güclərin istiqamət dəyişdirdiyini müşahidə etdiyini diqqətə çatdırıb: “Əgər XX əsrdə qlobal inkişafın mərkəzi əsasən Qərbdə cəmlənmişdisə, bu gün artıq Şərqə doğru bir hərəkət müşahidə olunur”.

O qeyd edib ki, Çin, Hindistan və digər Asiya ölkələrinin sürətli inkişafı, həm sənaye, həm də texnologiya sahəsində əldə etdikləri uğurlar onları yeni qlobal iqtisadi mərkəzə çevirir. Bu prosesin ən mühüm göstəricilərindən biri isə istehlakçı bazarının getdikcə daha çox Asiyada formalaşmasıdır.

Hindistan Dünya İşləri Şurasının aparıcı elmi işçisi Athas Zafar hazırda həm dünyanın, həm də regionumuzun böyük bir transformasiya dövrünü yaşadığını söyləyib: “Bu dəyişikliyin ən mühüm istiqamətlərindən biri isə rəqəmsal texnologiyaların sürətli inkişafıdır. İnnovasiyalar və rəqəmsallaşma artıq yalnız iqtisadiyyatın deyil, siyasətin, təhlükəsizliyin və cəmiyyət həyatının bütün sahələrinin əsas hərəkətverici qüvvəsinə çevrilib”.

O qeyd edib ki, bu prosesin regionumuza da birbaşa təsiri olacaq. Yeni dünya nizamı formalaşarkən, xüsusilə Avrasiya məkanının rolu həlledici olacaq. Çünki çoxqütblü beynəlxalq sistemin sabitliyi, əslində, çoxqütblü Avrasiyanın mövcudluğundan asılıdır.

Çinin Avrasiya Sosial İnkişaf Tədqiqatları İnstitutunun direktoru Li Yongquan ölkəsinin Orta Dəhlizin fəaliyyətində maraqlı olduğunu, həmçinin onun tikintisində də iştirak etmək istəyini ifadə edib: “Əməkdaşlıq, qarşılıqlı qazanc əsasında böyük layihələr həyata keçirə bilərik”.

O, həmçinin qeyd edib ki, “Kəmər və yol” təşəbbüsünün icrası Avrasiya qitəsində qarşılıqlı nəqliyyat əlaqəsinin səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

İclas müzakirələrlə davam etdirilib.