11 sentyabr 2025 13:10
136

Zaur Mikayılov: Azad edilmiş ərazilərdə yeni su anbarlarının tikintisi nəzərdə tutulur

Azərbaycanın daxili su ehtiyatlarının 30 faizi ölkə ərazisində formalaşır. Bunun çox hissəsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində yerləşir. Beş il əvvəl əldə edilən qələbədən sonra həmin su ehtiyatlarını əldə etmişik.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri sədri Zaur Mikayılov Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında (“Baku Water Week”) jurnalistlərə açıqlaması zamanı deyib.

Həmin ərazilərdə yeni su anbarlarının tikintisinin nəzərdə tutulduğunu qeyd edən ADSEA sədri, hətta, qısa zamanda onların satınalma tenderlərinin elanının yayımlanacağını diqqətə çatdırıb: “Bərgüşad, Həkəri çayları üzərində yeni su anbarlarının tikintisi planlaşdırılır. Artıq Zabuxçay üzərində yeni su anbarı tikilib. Orada işğaldan əvvəl mövcud olan Xaçınçay, Köndələnçay, Suqovuşan, Sərsəng su anbarlarının yenidən qurulması istiqamətində işlər gedir”.