12 sentyabr 2025 21:47
156

Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha böyük həcmdə təmin edəcək - TƏHLİL

Dövlətiimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki,  bütün işlərin, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

"Bu illər ərzində biz iqtisadi inkişafımızın əsasını qoyduq" söyləyən dövlət başçısı İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri  regionların sosial-iqtisadi inkişafıdır. Bununla bağlı qəbul edilən ilk Dövlət Proqramının icra edildiyi dövrə nəzər salsaq görərik ki, sənədin icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur demək olar ki, köhnəlmişdi. Belə olan halda sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. Ölkəmiz, ilk növbədə, inkişaf üçün baza yaratdı.  Bölgələrin malik olduğu potensial imkanlardan maksimum istifadə etmək üçün infrastrukturun yenilənməsi əsas idi. Regional inkişaf proqramlarının uğurlu icrası bu sahədə mühüm addımların atılmasını stimullaşdırdı. Cənab İlham Əliyev bu reallığı da daim  qeyd edir  ki, bütün işlərin, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır.

Möhkəm təməl dayanıqlı inkişafın təmin edilməsində əsasdır. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur. İqtisadiyyatın düzğün əsaslar üzərində qurulmasının nəticəsidir ki, ölkəmiz daim beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. İqtisadiyyatın rəqabətqabiliyyətinə görə Azərbaycan öncül ölkələr sırasındadır.

2003-cü ildən etibarən qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetləri sırasındadır. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq prezident seçildikdən sonra hədəfləri açıqlayarkən bildirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Bu məqsədə nail olmaq üçün öncə regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi bildirildi. Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində atılan addımlar uğurlu nəticələrdə özünün aydın ifadəsini tapır.  

Təkcə cari ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Belə ki, cari ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,4 milyard dollar təşkil edib. Yanvar-avqust aylarında yeyinti məhsulları üzrə ixrac 22,9 faiz artaraq 774,2 milyon dollara bərabər olub. 2025-ci ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 28,2 faiz artaraq 614,4 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7 faiz artaraq 209,5 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3 faiz artaraq 823,9 milyon dollar təşkil edib.

  Günümüzün bu reallığını da qeyd edək ki, indi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb. Ölkə iqtisadiyyatına yatırılan  350 milyard dollara yaxın investisiyanın 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.  Cari ilin yanvar-avqust aylarında neft-qaz sektoruna 3 milyard 159,5 milyon manatlıq vəsait yönəldilib. Hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 16,6 faiz azalıb. Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 3 milyard 730,7 milyon manat səviyyəsində olub.

2003-cü ildən bugünədək  dörd Dövlət Proqramının icrası nəticəsində iki milyondan artıq yeni iş yeri açılıb ki, böyük bir hissəsi daimidir. İşsizlik probleminin həlli istiqamətində atılan addımların nəticəsində  işsizliyin səviyyəsi  49 faizdən 5 faizə endi.  Yoxsulluq da 5 faiz səviyyəsindədir. Əmək haqları və pensiyalar mütəmadi olaraq  artırılır. Reallıq bu faktı təsdiqləyir ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul edilməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasının göstəricisidir.

Prezident  İlham Əliyev çıxışlarında bu mühüm məqamı da xüsusi qeyd edir ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi, yenidən qurulması zamanı  şəhərlərin inkişafı baxımından yeni imkanlar, təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park,  bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Hazırda paytaxt Bakı ilə yanaşı, Bakıətrafı qəsəbələr, bölgələrimiz inkişafın yeni mərhələsini yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin  nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə  səsləndirdiyi fikirlər, eyni zamanda, imzaladığı  Sərəncamı ilə «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı»nın təsdiqlənməsi  ölkəmizin hərtərəfli inkişafının dövlətin iqtisadi siyasətində prioritet olduğunu nümayiş etdirir.  

2003-cü ildən Regional inkişaf proqramları ilə yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət proqramları icra edildi. İnfrastrukturun yenilənməsi istiqamətində atılan addımlar  paytaxt Bakının və qəsəbələrin simasında da özünü aydın şəkildə göstərir. Prezident İlham Əliyev  «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək ölkənin inkişafında təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin qorunmasını vacib amil kimi dəyərləndirdi. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.

Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. Onu da qeyd edək ki, özünüməşğulluq proqramı sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkanlar yaradır. Bu səbəbdən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  2019-cu ildən bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir, proqramın müxtəlif mərhələlərində dəstək göstərir.

Regionlarda  «Kiçik və orta sahibkarlıq evləri»nin, «ASAN xidmət», DOST, ABAD mərkəzlərinin yaradılması, coğrafiyasının genişlənməsi də sahibkarlara diqqət və qayğının tərkib hissəsidir. Bütün hallarda bazar iqtisadiyyatının aparıcı qüvvəsi olaraq sahibkarlığın inkişafı əsas hədəf kimi qarşıya qoyulur. Dünyanın, o cümlədən ölkəmizin 2019-cu ilin sonlarından başlayaraq koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirdiyi bir zamanda dövlətimizin sahibkarlara göstərdiyi qayğı beynəlxalq səviyyədə təqdir edildi. O da məlumdur ki,  Prezident İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə  25 aprel   ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur. Bu əlamətdar gün bununla əsaslandırılır ki,  2002-ci ilin 25 aprel tarixində Ümummilli Lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Göründüyü kimi,  sahibkarlığın inkişafı  və dəstəklənməsi iqtisadi strategiyamızın əsas hədəflərindəndir. Sahibkarlıq sektoru iqtisadi inkişaf üçün lokomotiv rolunu oynamaqdadır.

  Beynəlxalq maliyyə qurumlarının hesabatlarında  Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. «Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq» söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.

  Son 21 ildən artıq dövr   neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Dövlət başçısı İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.

Bu gün bölgələr arasında sağlam rəqabət gedir. Ölkə ictimaiyyəti irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir və bu, ümumilikdə hərtərəfli inkişafı daha da sürətləndirir.  Zamana və dövrün tələblərinə uyğun olaraq təkmilləşmə islahatların davamlılığını, inkişaf strategiyasının təkmilləşdirilməsini bir zərurətə çevirir. Azərbaycan bütün sahələrdə uğurları, təcrübəsi ilə nümunə oldu.  Tarixi Zəfərimiz yeni Dövlət Proqramının qəbulunu bir zərurətə çevirdi. 5 əsas hədəfi özündə ehtiva edən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» qalib, bütövləşən Azərbaycanın qarşısında dayanan çağırışların yüksək səviyyədə yerinə yetirilməsində yol xəritəsi kimi dəyərləndirilir.  Tarixi sahibinə qayıdan torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərinin təqdimatında öz sözünü deyir.

İnfrastrukturun yenilənməsi daim prioritet məsələlər sırasındadır.   Cənab İlham Əliyev hələ ilin əvvəlində keçirilən  nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə də bu statistik rəqəmləri açıqlamışdır ki, 3400 kilometrə yaxın avtomobil yolu,  hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi,  Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir: «Göstərir ki, hansı ölçüdə biz nəqliyyat layihələrini icra etmişik. Əgər biz bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar bizim nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi. Amma yenə də deyirəm, həyat yerində durmur. Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb.» «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı» qarşıdakı dövrün hədəflərini   və onlara nail olmağın mexanizmlərini özündə ehtiva edir.  Bakı şəhəri beynəlxalq səviyyədə  Asiya ilə Avropanı birləşdirən əsas mərkəz kimi dəyərləndirilir.

İstər paytaxt Bakıda, istərsə də regionlarda görülən işlərin əsasında insanların rahatlığının təmin olunması, bir sözlə, vətəndaş məmnunluğunun artırılması dayanır. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin, sahibkarlığın inkişafına dəstəyin göstəricisidir. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha  böyük həcmdə təmin edəcək. Bu sektorun inkişafı iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməyə imkan yaradacaq. Daxili bazarı təmin etmək üçün yerli istehsalın artırılması da qeyri-neft sektorunun inkişafına birbaşa təsir edən amildir və bütün bu görülən işlər, digər tədbirlər nəticəsində dayanıqlı inkişaf artıq təmin edilib. Gələcəkdə neft amilinin ümumi daxili məhsulda aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaq. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»dən irəli gələn hədəflərin reallaşdırılması yönümündə atılan addımlar və onların uğurlu nəticələri bunu deməyə əsas verir.

Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri gələcək barədə aydın təsəvvür yaradır. Azərbaycan daim irəli baxır. Hər bir hədəfə zamanında  nail olmaqla yeni-yeni prioritetlərin müəyyənləşdirilməsi günümüzün əsas çağırışına çevrilir.

Yeganə Əliyeva, "İki sahil"