16 sentyabr 2025 11:55
110

Türk Dünyası ölkələri sığorta sahəsində əməkdaşlığı gücləndirir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı Şuşa şəhərində Türk Dünyası Sığorta Birliyinin (TDSB) birinci Assambleyasında iştirak edib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə təşkil olunan Assambleyada  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının maliyyə tənzimləyiciləri, sığorta assosiasiyalarının, eləcə də TDT-nin nümayəndələri görüşüblər. Tədbirdə TDSB-nin TDT-nin prinsiplərinə uyğun yenidən formalaşdırılmasına dair sığorta assosiasiyaları tərəfindən “Proklamasiya sənədi” imzalanıb.

Assambleyada müzakirə olunan məsələləri şərh edən İİTKM-in şöbə müdiri Lətif Zeynallı bildirib ki, bu tədbir yalnız Türk dövlətlərinin sığorta bazarlarının inkişafına dair institusional əməkdaşlıq üçün ilkin platforma rolunu oynamır, eyni zamanda gələcəkdə iqtisadi təhlükəsizliyin təmin edilməsində sığorta institutlarının rolunu strateji müstəviyə daşıyır.

Lətif Zeynallı qeyd edib ki, hazırda sığorta sektoru sadəcə zərərlərin kompensasiyası ilə məhdudlaşmır, eləcə də, risklərin qabaqcadan müəyyən edilməsi, idarə olunması və sosial-iqtisadi sabitliyin təminatında strateji rol oynayan kompleks bir ekosistemdir. Çağdaş sığorta sektoru üçün rəqəmsal transformasiya artıq seçim deyil, zərurətə çevrilib. 2025-ci il üçün sığorta texnologiyaları sahəsində mövcud olan son məlumatlara əsasən, bu sektor sürətli inkişaf və transformasiya mərhələsindədir. “Future Market Insights” şirkətinin məlumatına əsasən, qlobal “InsurTech” sənayesinin 2035-ci ilin sonuna qədər 257,8 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bununla yanaşı, 2025-2035-ci illər arasında “InsurTech” sektorunun illik orta artım tempi 26,1 faiz səviyyəsində olacaq. Eyni zamanda, qlobal miqyasda fəaliyyət göstərən “InsurTech” startaplarının sayı 3400-dən çoxdur ki, bu da 2018-ci ildə qeydə alınmış 1500 startapla müqayisədə əhəmiyyətli artımı nümayiş etdirir. “McKinsey” ekspertlərinin araşdırmaları göstərir ki, sığorta sektorunun sürətli inkişafı, avtomatlaşdırma, dərin öyrənmə və xarici məlumat ekosistemlərinin geniş miqyasda tətbiqi ilə daha da sürətlənəcək.

İİTKM-nin şöbə müdiri bildirib ki, 2025-ci ildə ölkənin sığorta sektoru həm sığorta haqları, həm də sığorta ödənişləri üzrə müsbət dinamikasını qoruyaraq iqtisadi sistemdə strateji rolunu daha da gücləndirir. Belə ki, 2025-ci ilin yanvar-iyul ayları üzrə hesablanmış sığorta haqları 937,6 milyon manat, sığorta ödənişləri isə 529,3 milyon manat təşkil edib. Bu dövrdə könüllü sığortalar üzrə toplanmış sığorta haqlarının ümumi sığorta yığımındakı payı 76 faiz, icbari sığortalar üzrə toplanmış sığorta haqlarının payı isə 24 faiz təşkil edib. Bu göstəricilər ölkədə sığorta bazarının strukturunda könüllü sığorta seqmentinin üstün mövqeyə malik olduğunu göstərir.

Azərbaycanın sığorta sektorunda müşahidə olunan bu artım tendensiyası, ölkənin regional sığorta inteqrasiyası baxımından xüsusi önəm kəsb edir. Bu xüsusda, sektorun inkişaf istiqamətləri ilə regional əməkdaşlıq imkanlarının kəsişməsi Şuşada keçirilmiş tədbirin aktuallığını və simvolik dəyərini daha da artırır.

Lətif Zeynallı yekun olaraq əlavə edib ki, bu tədbir Azərbaycanın sığorta sektorunun sürətli inkişafını və innovasiyayönümlü transformasiyasını ön plana çıxarır. Bu platforma iştirakçı ölkələr arasında təcrübə mübadiləsinin institusionallaşdırılması, ortaq standartların formalaşdırılması, rəqəmsal və innovativ həllərin tətbiqi, eləcə də, sığorta bazarında dayanıqlılığın artırılması baxımından mühüm töhfə verə bilər.