16 sentyabr 2025 16:34
100

"GS1 Azerbaijan" məlumat bazası "Azexport" portalına inteqrasiya olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalı ilə "GS1 Azerbaijan" arasında avtomatlaşdırılmış məlumat mübadiləsi təmin olunub.

“İki sahil” xəbər verir ki, inteqrasiyanın nəticəsi olaraq, yerli şirkətlərin "GS1 Azerbaijan" bazasındakı məlumatlarının daha sürətli və rahat şəkildə “Azexport” portalına əlavə edilməsi üçün texniki işlərə start verilib.  Bu tədbir "Azexport" portalı ilə "GS1 Azerbaijan" arasında imzalanmış Anlaşma Memorandumuna əsaslanır.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, inteqrasiya istehsalçılarla yanaşı, istehlakçılara da yeni imkanlar təqdim edir. Belə ki, artıq istehlakçılar “Azexport” portalında “GTIN (Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi) üzrə axtarış” bölməsi vasitəsilə '476' ilə başlayan nömrəni daxil etməklə məhsul haqqında ətraflı məlumat əldə edə bilərlər. Bu məlumatlara məhsulun adı, şəkli, ölçü vahidi, miqdarı, qablaşdırma növü, təsnifatı, istehsalçının adı və VÖEN nömrəsi daxildir.

A.Qədəşov əlavə edib ki, növbəti mərhələdə “GS1 Azerbaijan” tanınma nişanı məhsul məlumat panelində göstəriləcək, bu da rəqəmsal məlumatların təhlükəsizliyini və etibarını artıracaq, portalın məlumat bazasını genişləndirəcək.