16 sentyabr 2025 16:57
95

Qərb demokratiyası iqtisadi böhranı aradan qaldıra bilmir

Bu gün dünya ağır sınaqlar qarşısındadır və yaxın gələcəkdə dünya dövlətləri fəlakətlə üz-üzə qalacaq. Belə ki, 2028-ci ildə Rusiya ilə Qərb arasında müharibə başlaya bilər ki, bu da ümumdünya maliyyə böhranına səbəb ola bilər.

“İki sahil” xəbər verir ki, bu fikirlər İsveçrədə nəşr olunan almandilli “Neue Zürcher Zeitung” qəzetində “2028-ci ildə böhran və münaqişələr güclənəcək. Ağır olacaq. Bu panikadır?” - sərlövhəli analitik materialda yer alıb.

Müəlliflər Markus Bernat (Markus Bernath) və Markus Ştedeli (Markus Städeli) bir sıra ekspertlərin fikirlərinə istinad edərək yazırlar ki, ehtimallar artıq özünü doğrultmağa başlayıb. Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) Polşa hava məkanını pozmasından sonra Baş nazir Donald Tuskun, “Biz İkinci Dünya müharibəsindən sonra yeni müharibəyə daha da yaxınlaşdıq”, - fikri Fransa hökumətinin xarici borcları ödəmək üçün “qənaət rejiminə” keçməsi və bunun nəticəsi olaraq Fransanı bürüyən kütləvi etirazlar, ABŞ-da nüfuzlu siyasi fəal Çarli Kirkin insanların gözü qarşısında öldürülməsi, qlobal problemlərə, o cümlədən iqlim dəyişmələrinə eyni mövqeyin olmaması Qərb demokratiyasının süqutundan xəbər verir. Qərbin liberal iqtisadiyyat modeli böhranın qarşısını almaqda çətinlik çəkir.

Materialda Münxen Universitetinin professoru, hərbi ekspert Karlo Maslanın fikirlərinə istinadla bildirilir ki, 2028-ci ildə Rusiya Prezidenti Vladimir Putin Baltikyanı ölkələrə qarşı müharibəyə başlayacaq: “İlk olaraq Estoniyanın sərhədyanı Narva şəhərini tutacaq. Bu şəhərin əhalisinin əksəriyyəti ruslardan ibarətdir ki, bu da Rusiya üçün yaxşı bəhanəyə çevriləcək. Heç bir NATO dövləti Baltikyanı ölkələrə görə nüvə silahına malik olan Rusiya ilə münaqişəyə girməyəcək. Polşaya dron hücumu etməklə rəsmi Moskva Avropanın nəbzini yoxladı və özü üçün nəticə çıxartdı ki, Avropada birlik yoxdur”.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da Rusiya təhlükəsinin real olduğunu bəyan edib. Rusiyanın strateji məqsədi heç də Parisi və Berlini işğal etməkdən ibarət deyil. Məqsəd Şərqi Avropanı nəzarətdə saxlamaqdan ibarətdir.

Böyük Britaniyanın baş qərargah rəisi, general Roland Uoker vurğulayıb ki, 3 ildən sonra Rusiya, Çin, Şimali Koreya və İran öz qüvvələrini birləşdirərək Qərbə qarşı müharibəyə başlaya bilərlər: “Bu münaqişədə Amerika Avropaya heç bir yardım göstərməyəcək. Amerika və Çin silahlı toqquşmadan yayınacaqlar. Çünki əgər bu iki super güc arasında müharibə başlasa qalib çıxan olmayacaq. Bu reallığı tərəflər yaxşı başa düşür”.

ABŞ-ın “Bridgewater Associates” fondunun təsisçisi, iqtisadçı Rey Dalio “Financial Times” qəzetinə verdiyi müsahibəsində bildirib ki, ABŞ iqtisadiyyatı borca görə təhlükə qarşısındadır: “Borc faizlərini ödəmək üçün ABŞ ildə 1 trilyon dollar vəsait ödəməlidir ki, bu da yaxşı nəticə verməyəcək”.

Bu fikri Harvard Universitetinin iqtisadiyyat üzrə professoru Kent Roqoff da təsdiq edir. Professor böhranın mütləq baş verəcəyini bildirsə də, onun dəqiq tarixini deməkdən çəkinir.

Dünyanın 3-cü ölkələrinin iqtisadiyyatı barədə danışan müəlliflər yenə də ekspertlərə istinadla bildirirlər ki, COVID-19 pandemiyası dövründə bütün dövlətlər qapanmaya getdilər. Dünyanın 3-cü ölkələri peyvənd, tibbi ləvazimat və avadanlıqlar almaq üçün nəzərdə tutulmayan miqdarda vəsait xərclədilər və beynəlxalq maliyyə institutlarından külli miqdarda borc aldılar. İndi həmin borcları faizi ilə birlikdə qaytarmaq lazımdır. Borc bu ölkələrə sərmayə etmək və sosial problemləri aradan qaldırmağa imkan vermir.

Materialda qeyd olunur ki, 3 ildən sonra Avropanın Böyük Britaniya, Almaniya, Fransa kimi dövlətlərində seçkilər keçiriləcək. Bu seçkilərdə populist siyasətçilər qalib gəlsə, böhran daha da dərinləşəcək. Belə ki, populist siyasətçilər seçicilərə çox söz verir və hakimiyyəti qazandıqdan sonra vədlərini yerinə yetirib sosial təminatı, pensiya və əməkhaqlarını yüksəltmək məcburiyyətində qalırlar ki, bu da büdcənin xərclərinin gəlirlərini ötməsinə səbəb olur. Digər siyasi cərəyanların nümayəndələri isə vəziyyəti real qiymətləndirib “kəmər sıxma” siyasəti həyata keçirəcək ki, bu da kütləvi etirazlar, aksiyalar, tətillərlə müşahidə olunaraq ictimai-siyasi sabitliyə mənfi təsir göstərəcək.

Məqalədə nəzərə çatdırılır ki, böyük dövlətlər geosiyasi ambisiyalarından əl çəksə, münaqişələr dayandırılsa və yenilərinin başlamasına imkan verilməsə, sərmayə yatırımı artırılsa, borclar vaxtında ödənilsə, o zaman gözlənilən böhran ehtimal olaraq qalar.