18 sentyabr 2025 01:59
84

Azərbaycan sabitlik diyarı, böyük investisiyalar məkanı kimi nüfuz qazanıb

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası ölkəmizin hər bir hədəfə zamanında nail olmasını şərtləndirir

Bu gün qalib, bütövləşən, yeni dövrə yeni hədəfləri ilə qədəm qoyan Azərbaycanın uğurlarından bəhs edirik. 31 il bundan öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilənin iqtisadi və siyasi əhəmiyyətinin ümumiləşdirilmiş ifadəsini bu gün 30 il işğal altında qalan torpaqlarımızın azadlığa qovuşmasında, Böyük Qayıdış Proqramının uğurlu icrasında, ən əsası tariximizə Zəfər Gününün və Dövlət Suverenliyi Gününün daxil olmasında görürük. Reallıq budur ki, 1993-cü ildə Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə bugünkü və gələcək uğurların təməlini qoydu. Artıq iki ildir ki, 20 sentyabr tarixini Azərbaycanın uğurlarının əsasında dayanan, müstəqilliyimizin daimiliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanması tarixi ilə yanaşı, Dövlət Suverenliyi Günü kimi də qeyd edirik. Bu, hər birimizdə böyük qürur hissi yaradır. Bu tarix Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncam imzaladı və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq etmişdir. “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusilə müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətlidir və xüsusi yeri var. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Çünki digər dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən dövlətlərlə əməkdaşlıq edir, onu tanıyır, əlaqələr qurur, ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıdır. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ilk olaraq Ermənistanın təcavüzünün qarşısını aldı və atəşkəs müqaviləsinin imzalanmasına nail oldu. Daha sonra Azərbaycanın iqtisadi inkişafı və xalqın sosial vəziyyətinin yaxşılaşması istiqamətində özünün neft strategiyasını həyata keçirməyə başladı. Qərbin iri neft şirkətlərinin sərmayəsi olmadan Azərbaycan dünya bazarına çıxaracaq qədər neft istehsal və ixrac edə bilməzdi. 1994-cü il sentyabrın 20-də ARDNŞ ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın neft sənayesinə “Amoco”, BP, “McDermott”, UNOCAL, “Lukoyl”, “Statoil”, “Exxon”, “Türkiyə Petrolları”, “Pennzoyl”, ITOCHU, “Ramco”, “Delta” şirkətləri iri məbləğli sərmayə yatırmağa razılıq verdilər. Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının uğurla həyata keçirilməsinə başlanıldı. Müqavilənin imzalanması mərasimində çıxış edən Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq.”

“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Neft strategiyasının uğurlu icrasının nəticəsidir ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Onu da qeyd edək ki, Azərbaycan daim əməkdaşlığa böyük önəm verərək bu istiqamətdə atdığı addımları ilə diqqətdə olub. Regional çərçivədə qurulan əlaqələr illər keçdikcə coğrafiyasını daha da genişləndirdi. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, iyun ayında isə onun əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. 2020-ci il dekabrın son günündə Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi.

“Əsrin müqaviləsi” Azərbaycana yalnız iqtisadi səmərə deyil, eyni zamanda, siyasi zəmanət də qazandırdı. Ulu Öndər Heydər Əliyevin də məqsədi Azərbaycanın siyasi müstəqilliyinin əbədi olmasını təmin etməkdən ibarət idi ki, bunu da uğurla həyata keçirdi. Ümummilli Lider Azərbaycanın gələcək inkişafını da nəzərə alaraq 29 dekabr 1999-cu il tarixdə verdiyi Sərəncam ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunu yaratdı. Neft Fondu karbohidrogen gəlirlərinin səmərəli idarəsi nəticəsində gələcək nəsillər üçün maliyyə sabitliyinin təminatçısına çevrildi, vəsaitlərin uzunmüddətli investisiyalara, inkişaf layihələrinə və insan kapitalının inkişafına yönəldilməsini təmin edir.

Bu gün “Əsrin müqaviləsi”nin qazandırdığı təcrübə və beynəlxalq nüfuz Azərbaycanın yaşıl enerji sahəsinə xarici sərmayələrin cəlb edilməsində mühüm rol oynayır. Neft ixracından əldə olunan gəlirlər alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində sərmayə şəklində istifadə olunur. Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir və hazırda alternativ enerjiyə uğurlu keçidin nümunəsidir. Müasir Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Hökumətin iqlim dəyişmələri ilə mübarizəyə töhfə vermək, yaşıl enerjiyə keçid üzrə işlərin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibi seçilməsi oldu. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan yaratdı. 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu, eyni zamanda, iqlim konfransına ev sahibliyimizlə yadda qaldı. Bu konfrans iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir.

Azərbaycanda bərpaolunan enerji bazarlarının inkişaf perspektivləri həm külək enerjisi sahəsində, həm də günəş generasiyası, hidroenergetika və digər yaşıl enerji sahələrində müxtəlif layihələrin icrası üçün müvafiq təcrübəyə malik bir çox şirkətlər qarşısında imkanlar açır. Dünya ölkələri qarşısında duran çağırışlar və dünya energetika balansında gözlənilən struktur dəyişiklikləri region üçün dayanıqlı energetika gücünün artırılması, yeni enerji marşrutlarının müəyyənləşdirilməsi kimi vəzifələr irəli sürür. Buna əsaslanaraq, Azərbaycan qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi, xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemlərinə sıx inteqrasiya edir, regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyir.

Bu gün işğaldan azad edilən Qarabağda, Naxçıvanda, Xızı rayonunda, Abşeron yarımadasında alternativ enerjinin istehsalı üçün sərmayə yatırılır, beynəlxalq təcrübəyə malik olan şirkətlər dəvət edilir. Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Bu, Azərbaycanda enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən quruldu və modernləşdirildi. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar tamamilə yenidən qurulmuş və infrastruktur imkanları əvvəlki illərlə müqayisədə xeyli genişləndirilmişdir. Azərbaycan iqtisadiyyatı regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatına çevrildi. Nüfuzlu Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”na görə Azərbaycan iqtisadiyyatı uzun müddətdir ki, rəqabət qabiliyyətinə görə MDB məkanının yüksək rəqabətli iqtisadiyyatlarından hesab olunur. Azərbaycan iqtisadiyyatı investisiya mühiti baxımından qabaqcıl sıralara yüksəldi və Azərbaycana Dünya Bankı tərəfindən bu sahədə “ən islahatçı ölkə” statusu verildi. 2003-cü ildən bugünədək ölkə iqtisadiyyatına 350 milyard dollar investisiya yatırılıb. Bu investisiyaların böyük həcmi qeyri-neft sektorunun payına düşür.

Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı dövlətimizin iqtisadi siyasətinin əsas tərkib hissəsidir. Cənab İlham Əliyev 2003-cü ildən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Biz neft kapitalını insan kapitalına çevirməliyik. Bu hədəflərə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə prioritet məsələ kimi qarşıya qoyuldu. Ölkənin tarazlı iqtisadi inkişafına xüsusi önəm verildi və regionların sosial-iqtisadi inkişafı sahəsində böyük nəticələr əldə etməyə imkan verən inkişaf proqramları həyata keçirildi. Artıq regionların sosial-iqtisadi inkişafı üzrə 4 Dövlət Proqramının icrası nəticəsində Azərbaycan regionlarına böyük həcmdə investisiyalar yatırıldı və əgər belə demək mümkündürsə, regionların “iqtisadi siması” tamamilə dəyişdi. Bakı ilə yanaşı, Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı təmin edildi.

Ölkəmizdə iqtisadi şaxələndirmə, qeyri-neft sahələrinin inkişafı və əlverişli sərmayə qoyuluşunun təmin edilməsi məqsədilə önəmli islahatlar həyata keçirilir. Azərbaycanın sosial və iqtisadi sahədə əldə etdiyi uğurlar və müsbət nəticələr beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda, keçirilən rəy sorğularında da yüksək dəyərləndirilir.

44 günlük Vətən Müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə mühüm layihələrə start verildi və bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Azad edilmiş ərazilərimizin zəngin təbii sərvətləri, mineral ehtiyatları, aqrar və turizm potensialı xarici şirkətlərin diqqətini cəlb edir. Yeni əsası qoyulmuş Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının strateji əhəmiyyəti, azad edilmiş ərazilərdə sənaye zonalarının yaradılması xarici şirkətlərin investisiya yatırmaq imkanlarını daha da genişləndirəcək. Təkcə azad edilmiş ərazilərimizdə yox, ümumiyyətlə, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər, sənaye zonalarının, həmçinin Ələt Azad İqtisadi Zonasının logistika imkanları, Milli Prioritetlərimizdən olan işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları sərmayədarlar üçün yeni biznes və investisiya imkanları açır.

“Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq» söyləyən dövlət başçısı İlham Əliyev diqqəti ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 konfransına yönəldərək onu da əlavə edir ki, bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir. Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur. Azərbaycanın hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji potensialına investisiyaların yatırılması istiqamətində daha yüksək fəallıq nümayiş etdirməsi ilə bağlıdır. Ölkəmiz COP29 iqlim konfransına ev sahibliyi etməklə bir daha çoxtərəfliliyin tərəfdarı olduğunu təsdiqlədi. Daim əməkdaşlığa önəm verən və bunun yeni körpülərin qurulmasında iştirakçı və təşəbbüsçü ölkə kimi çıxış edən Azərbaycan COP29 tədbirinə ev sahibliyi etməklə bu imkanları daha da artırdı. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.

Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. Ölkəmizin iqtisadi müstəqilliyini təmin etməsi beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında əhəmiyyətli rol oynayır. Uğurlarımıza yol açan əsas amillərdən biri Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanmasıdır. Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Bunun üçün təkcə yaxşı investisiya iqliminin olması şərt deyil. Bu fakt inkaredilməzdir ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın marağında olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması da məlumdur. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən «açıq qapı» siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki, investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər.

Keçilən yola nəzər salmağımızı şərtləndirən amil “Əsrin müqaviləsi”ndən bu günədək Azərbaycanın investisiya cəlbediciliyini qorumasını əsaslı şəkildə diqqətə çatdırmaqdır. Qeyd etdiyimiz kimi, Azərbaycan bu gün sabitlik məkanıdır. İnvestorlar, ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanına çevriləcək. 

Dövlət başçısı İlham Əliyev daim çıxışlarında azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs edir. «Hazırda işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır» söyləyən cənab İlham Əliyev qeyd edir ki, indi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Artıq bu fakt azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyası ilə yanaşı, onların malik olduğu imkanlardan tezliklə Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində istifadə ediləcəyinə əminliyi artırır.

Ötən 21 ildən artıq dövr ərzində iki milyondan artıq yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Hazırda Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə özünü büruzə verər. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir. Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib olan Azərbaycan dövlət büdcəsi ilə də regionun ən güclü iqtisadiyyatına malik olduğunu nümayiş etdirir. İqtisadiyyatın aynası kimi dəyərləndirilən büdcənin gəlirlərində və xərclərində artım özündə mühüm məqamları ehtiva edir. Onu da qeyd edək ki, qarşıdakı dövrün büdcəsi hər zaman əvvəlki ilin büdcəsindən kəmiyyət və keyfiyyət baxımından zəngin olur. Təbii ki, bu da cari ildə əldə olunan uğurlu sosial-iqtisadi inkişafa əsaslanır. İqtisadi siyasətin mərkəzində hər zaman insan amili dayanır və iqtisadiyyatın sosial yönümlülüyünə böyük əhəmiyyət verilir. Pensiyalar, sosial müavinətlər, əməkhaqları daim artırılır, dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlayır, milyonlarla yeni iş yerləri açılır, yoxsulluq və işsizlik minimuma endirilir. Artıq bu il sayca 5-ci sosial paket icra edildi.

Ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısında geniş imkanlar açır. Şaxələndirmə siyasətinin uğurlu nəticələri göz önündədir. Dövlətimiz sahibkarlığın inkişafına xüsusi diqqət göstərərək bütün zəruri olan şəraiti yaradır. Qarşıdakı dövrdə ölkəmizin daha möhtəşəm uğurlarla, iqtisadi göstəricilərlə diqqətdə olacağı qaçılmazdır.

Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də nüfuzunu artırır, mövqeyini möhkəmləndirir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan iqtisadiyyatı illərdir ki, rəqabət qabiliyyətinə görə MDB məkanının yüksək rəqabətli iqtisadiyyatlarından hesab olunur. Azərbaycan iqtisadiyyatı investisiya mühiti baxımından qabaqcıl sıralara yüksəlib. Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan dünyanın biznes mühitinin ən əlverişli olduğu iqtisadiyyata malikdir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir.

Azərbaycanın sabitlik diyarı, böyük investisiyalar məkanı kimi nüfuz qazanması iqtisadi əlaqələrin qurulmasında və yeni prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan, eyni zamanda, qlobal nəqliyyat qovşağı kimi də dünyanın diqqətindədir. Ölkəmizin iştirakçısı olduğu mühüm enerji və nəqliyyat layihələri yeni körpülərin yaradılmasını şərtləndirən mühüm amillərdəndir. Təkcə cari ilin 6 ayında ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminə, eyni zamanda, bu investisiyaları yatıran ölkələrin sıralanmasına diqqət yetirmək kifayətdir. Statistik rəqəmlərə müraciət etsək, bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi təxminən 3,2 milyard dollar təşkil edib. Hesabat dövründə ölkəmizin xarici ölkə iqtisadiyyatlarına yatırımları isə 1 milyard 349 milyon dollar olub. Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr - Böyük Britaniya (806 milyon dollar), Türkiyə (629 milyon dollar), Kipr (353 milyon dollar), İsveçrə (226 milyon dollar) və İran (176 milyon dollar) olub. Azərbaycandan ən çox yatırım İsrail (542 milyon dollar), Türkiyə (177 milyon dollar), BƏƏ (156 milyon dollar), Gürcüstan (77 milyon dollar) və ABŞ (77 milyon dollar) dövlətlərinə olunub.

Göründüyü kimi, Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Bütün bu uğurların təməlində neft strategiyasının uğurlu icrası dayanır.

Yeganə Əliyeva, “İki sahil”