Səudiyyə Ərəbistanının "Aramco Ventures" şirkətinin strateji prioritetləri arasında yeni enerji sahələri, günəş enerjisi layihələri və rəqəmsal texnologiyalar xüsusi yer tutur.
“İki sahil” xəbər verir ki, bunu "Aramco Ventures"in baş icraçı direktoru Mahdi Al-Adel Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, "Aramco" təkcə ənənəvi enerji sektorunda deyil, həm də innovasiya və texnologiya sahəsində də lider mövqeyini qoruyub saxlayır: "Şirkət 13 ildən çoxdur ki, dünya miqyasında startaplara və texnologiyalara sərmayə qoyur, bu təcrübəni öz şirkət fəaliyyətində tətbiq edir".
Qonaq qeyd edib ki, "Aramco Ventures"in strategiyası təkcə texnologiyalara sərmayə qoymaqla məhdudlaşmır: "Şirkət həm də investisiya qoyduğu texnologiyaları öz biznes fəaliyyətində tətbiq edir ki, bu da həm maliyyə qazancı, həm də texnologiyanın transferi baxımından şirkət üçün böyük fayda gətirir. Beləliklə, "Aramco Ventures" yalnız investor kimi fəaliyyət göstərmir, eyni zamanda texnoloji innovasiyaları şirkətin müxtəlif sahələrinə inteqrasiya edərək, "Aramco"nun rəqəmsal və enerji sahələrində inkişafını sürətləndirir".
Onun sözlərinə görə, "Aramco Ventures" investisiyalarını qlobal miqyasda həyata keçirir və texnologiyanın inkişaf etdiyi yerlərdə yerli komandalar formalaşdırır: "Bu yanaşma şirkətə yalnız texnoloji yeniliklərə çıxış imkanı vermir, həm də sərmayələrin zamanla yetkinləşməsi və "Aramco"nun biznes modellərinə tətbiq olunması nəticəsində əlavə dəyər yaradır".
Baş icraçı direktor onu da vurğulayıb ki, "Aramco Ventures"in fəaliyyəti həm də şirkətin maliyyə gəlirlərini artırır, investisiyalardan çıxış zamanı daxili gəlir nisbətini təmin edir: "Eyni zamanda, bu yanaşma Səudiyyə Ərəbistanının texnologiya sahəsində qlobal rəqabət qabiliyyətini gücləndirir və yeni iş imkanları yaradır".