22 sentyabr 2025 12:04
88

Yeni mexanizmlə avtobus marşrutları gecə 24:00-a qədər işləyəcək

Axşam saatlarda bəzi marşrutlar sərnişin sayı az olduğuna və nəticədə rentabelli olmadığına görə avtobuslar xəttdən çıxarılır və depoya yönləndirilir.

“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

"Hazırda yetərli sayda avtobusun daşımalara cəlb edilməsi üçün müəyyən tədbirlər görülsə də, mövcud model məsələnin sistemli həllinə imkan vermir. Bu da marşrutda işləyən avtobuslar arasında intervalın artmasına və ya günün müxtəlif saatlarında ümumiyyətlə avtobusların işləməməsi ilə nəticələnir.

Yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişin daşımaları üzrə qrafiklər daha çevik qurulacaq. Bir çox hallarda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişin tələbatı nəzərə alınaraq bəzi istiqamətlərdə daha gec saatlara qədər də xidmətin göstərilməsi imkanları qiymətləndiriləcək", - deyə o qeyd edib.