22 sentyabr 2025 19:45
122

IDEA tərəfindən xilas edilən marallar təbiət qoruğuna buraxılıb

IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə növbəti təcili araşdırma tədbirləri həyata keçirilib.

“İki sahil” xəbər verir ki,  İctimai Birlikdən verilən məlumata görə, IDEA-nın təşəbbüsü ilə aparılan araşdırma nəticəsində Qax rayonunda yerləşən “Eden” restoranının ərazisində 10 baş xallı Sibir maralının qanunsuz olaraq qeyri-sərbəst şəkildə saxlanıldığı faktı aşkarlanıb.

Xilas edilən marallar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülərək müayinə və reabilitasiya mərhələsindən keçiblər. Daha sonra, əvvəlki tədbirlər nəticəsində xilas edilən 8 maral da daxil olmaqla ümumilikdə 18 baş maral sərbəst yaşam tərzi üçün zəruri olan bütün imkanlara və geniş əraziyə sahib Şamaxı Safari Parkı ekoloji qoruğunda təbiətə buraxılıb.

IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.