İqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, imzalanan sənədlər Azərbaycan və Serbiya arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Serbiya ilə iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi üçün böyük potensial olduğu diqqətə çatdırılıb. Qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat və digər istiqamətlər üzrə işbirliyinin bu potensiala uyğun şəkildə gücləndirilməsinin önəmi bildirilib.
Tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlığın gücləndirilməsi, iqtisadi əməkdaşlığın şaxələndirilməsi, həmçinin ticarət, investisiya və biznes əlaqələrinin qarşılıqlı təşviqi məsələlərini müzakirə ediblər. Fikir mübadiləsi zamanı birgə təşəbbüslər üçün perspektivlərə diqqət çəkilib və qarşılıqlı iqtisadi əlaqələrin inkişafına töhfə verə biləcək layihələrin uğurla gerçəkləşdirilməsinin əhəmiyyəti vurğulanıb.