24 sentyabr 2025 00:13
116

Bu ilin 8 ayında paytaxtda orta aylıq əmək haqqı 1376.3 manat olub

Bakı Şəhər Statistika İdarəsi yanvar-avqust aylarının göstəricilərini açıqlayıb

Sənayenin inkişafı haqqında

2025-ci ilin yanvar-avqust aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi 34,0 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 74,2 faizi mədənçıxarma, 22,5  faizi emal,  2,3  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

 Sənayedə qeyri-dövlət sektorunun  payı 82,1 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  89,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,8 faiz təşkil  etmişdir.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 sentyabr  2025-ci il vəziyyətinə 461,9 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 99,2 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2025-ci ilin yanvar-avqust aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,5 faizini inşa, yenidənqurma və bərpa, 6,8 faizini əsaslı təmir, 3,7 faizini cari təmir, 3,0 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 91,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2025-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz artaraq 23554,6 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 faiz artaraq 12955,8 milyon manata, qeyri-ərzaq malları isə 4,3 faiz artaraq 10598,8 milyon manat olmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,0 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 faiz artmışdır. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.

İctimai iaşə

2025-ci ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsinin həcmi  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1176,0 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 670,4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 57,0 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2025-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,3 faiz artaraq 5558,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 5006,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 90,1 faizini təşkil etmişdir.

Əməkhaqqı

2025-ci ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 1376,3 manat təşkil etmişdir.

Bakı Şəhər Statistika İdarəsi