23 sentyabr 2025 22:36
134

Dünyanın ən böyük maliyyə qurumları Azərbaycanla əməkdaşlığa maraq göstərirlər TƏHLİL

Dövlət başçısı İlham Əliyevin ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində qarşı tərəflərin müraciəti əsasında keçirdiyi görüşlər, hazırkı dövrün əsas çağırışları ilə bağlı ölkəmizin mövqeyinə verilən önəm  bunun bariz nümunəsidir

BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdə olan Prezident İlham Əliyev dünyanın böyük maliyyə qurumlarından olan şirkətlərin rəhbərləri ilə görüşlər keçirir. Prezident İlham Əliyev  sentyabrın 22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlər qarşı tərəfin müraciəti əsasında baş tutub. Bu isə həmin qurumların Azərbaycana olan böyük diqqət və marağının göstəricisi kimi qiymətləndirilməlidir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin ötən ayın əvvəlində  ABŞ-a işgüzar səfəri də Azərbaycanın beynəlxalq  nüfuzunun, ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin təqdimatında öz sözünü dedi. Tariximizə yazılan Vaşinqton razılaşmaları  regionda dayanıqlı sülşün təmin edilməsində əsas faktlar olan sülh müqaviləsinin imzalanması prosesinin qaçılmazlığını nümayiş etdirdi. Bu uğurlu nəticələr öz növbəsində Azərbaycan-ABŞ münasibətlərinin hazırkı inkişaf səviyyəsinin də  aydın mənzərəsini yaratdı.  

Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı da yüksələn xətlə inkişaf edir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan 30 illik işğal dövründə  artıq tarixə qovuşan Qarabağ münaqişəsinin  həllində   vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupu ilə yanaşı, digər beynəlxalq təşkilatların, o cümlədən BMT-nin potensial imkanlarından maksimum bəhrələnməyə səy göstərdi. Ölkəmizin BMT-yə müraciət edərək işğal olunmuş ərazilərimizdə vəziyyəti öyrənmək, burada süni məskunlaşma faktını aşkarlamaq məqsədilə Faktaraşdırıcı Missiyanın yaradılması təşəbbüsü ilə  çıxış etməsi bunun bariz nümunəsidir. Baxmayaraq ki, işğalçı Ermənistan və onun himayadarları bunu Azərbaycanın ATƏT-in uğursuz Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirməyə çalışdılar. Lakin ölkəmiz bu çağırışı etdi ki, bunun  Minsk qrupunun vasitəçiliyinə heç bir aidiyyəti yoxdur. Biz bütün beynəlxalq təşkilatların potensialından  istifadə etməyə çalışırıq. Onu da nəzərə alaq ki, keçmiş Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.

  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni silahlı birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapdığı halda Azərbaycan 30 il dünyadan ədalət gözlədi. BMT Baş Assambeyasının iclaslarında rəsmi Bakı daim dünya güclərinin ikili standartlara əsaslanan siyasəti etirazını ifadə edərək bunu ədalətsizlik kimi dəyərləndirdi. Bircə faktlı qeyd etmək kifayətdir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr  2020-ci il tarixindən üç gün əvvəl,  24 sentyabrda keçirilən  BMT Baş Assambleyasının 75-ci sessiyasında dövlət başçısı İlham Əliyev Ermənistanın yeni ərazilər üzrə müharibə planına diqqəti yönəldərək bildirmişdi ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.

   Lakin dünya gücləri yenə də bu çağırışa laqeyd yanaşdılar. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən ərazilərimizi raket atəşinə tutması işğalçı dövlətin yeni ərazilər üzrə müharibə planının təsdiqi oldu.  Dövlətimizin başçısı İlham Əliyev həmin çıxışında bu çağırışı da etmişdi ki,  BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Çağırışlarda bu məqam da xüsusi qeyd edilirdi ki, işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

Hazırda tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqları yaşasaq da 30 illik işğal dövründə ölkəmizin, xalqımızın üzləşdiyi faciələri unuda bilmərik. Bu gerçəkliklər hər zaman  real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatımızda  əsas yer tutmalıdır. Azərbaycan daim BMT-də islahatların aparılmasına, BMT Təhlükəsizlik Şurasının (TŞ) tərkibinin genişləndirilməsinə çağırışlar edir. Dövlət başçısı İlham Əliyev  sentyabr ayının 8-də keçirilən “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bildirmişdir ki, Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik.  Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının  daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır. Keçən ay Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır.

Hazırda Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, ənənəvi tərəfdaşlarla, eyni zamanda üzvü olduğu beynəlxalq təşkilatlarla əlaqələrini yeni istiqamətlər üzrə inkişaf etdirməklə yanaşı, yeni körpülərin qurulmasında maraqlıdır. Sülh müqaviləsinin imzalanması ilə regionda təmin ediləcək dayanıqlı sülh və təhlükəsizlik yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq.

Azərbaycan-BMT  münasibətlərinin təməlində Ümummilli Lider Heydər Əliyevin  müəyyənləşdirdiyi üç mühüm ümumi prinsip dayanır. Bunlar tərəfdaşlıq, davamlı sülh və təhlükəsizlikdir. Ölkəmizdə  hüquqi, demokratik və sülhpərvər dövlət quruculuğu kursunun uğurla  davam etdirilməsi bu prinsiplərin möhkəmləndirilməsinə əsaslı zəmin yaradır. Ümumilikdə Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır.  BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, həmçinin ötən il dünyanı Bakıya toplayan COP29 iqlim konfransı bunun bir daha təsdiqidir. Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olmağı ilə diqqətdədir.

Hazırkı dövrdə tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Azərbaycanın sülh gündəliyinin müəllifi kimi nüfuz qazanması qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsidir. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanan lider olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün əsas memarı kimi adını  tarixə yazdırdı.  Onun təşəbbüsü ilə irəli sürülmüş və beynəlxalq hüquqa əsaslanan “5 əsas prinsip” regionda normallaşma və əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan artıq bu prinsipial gündəliyi uğurla sona çatdırmağa çox yaxındır. Azərbaycan təkcə regionun deyil, daha geniş beynəlxalq sistemin etibarlı və nüfuzlu aktoruna çevrilib.

Yeganə Əliyeva, “İki sahil”