Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov ABŞ-nin “Linkedin” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə Hökumət və Akademik tərəfdaşlıq üzrə rəhbəri Linus Vellen ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə 4SİM-in insan kapitalının inkişafı sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verilib. “Linkedin” şirkətinin istedadların yetişdirilməsi və “Linkedin Learning” öyrənmə platformasının imkanları təqdim olunub.
Tərəflər rəqabətli insan kapitalının formalaşdırılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, “Linkedin” peşəkar əlaqələr qurmağa, karyera imkanlarını araşdırmağa və bilik mübadiləsi aparmağa fokuslanmış sosial platformadır. Hazırda platformanın 1,2 milyard istifadəçisi var.
Xatırladaq ki, 4SİM rəqəmsal iqtisadiyyatın inkişafı məqsədilə rəqabətqabiliyyətli insan kapitalının inkişafı istiqamətində “Coursera”, “Binance” və “Esri” şirkətləri ilə uğurlu əməkdaşlıq edir.