25 sentyabr 2025 10:58
91

Pərviz Qəribzadə: zərbaycan bərpa olunan enerji bazarı ilə bağlı islahatlara hazır olmalıdır

Azərbaycan hökuməti bərpa olunan enerji bazarı ilə bağlı islahatlara hazır olmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin "EU4Energy" proqramı ilə bağlı Azərbaycan üzrə eksperti Pərviz Qəribzadə Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı ilə bağlı ciddi işlər həyata keçirilib: "Amma bərpa olunan enerji bazarı ilə bağlı islahatlara ehtiyac duyulur. Biz bu istiqamətdə bəzi tədbirləri təkmilləşdirməliyik. Doğrudur, bərpa olunan enerji ilə məşğul olan şirkətlər enerji resurslarını istehlakçılara sata bilər. Düşünürəm ki, hökumət bu prosesi təşviq etməli, həmçinin bazar islahatlarına hazır olmalıdır".

O qeyd edib ki, bu sahə ilə bağlı digər məsələ isə bərpa olunan enerjidən istifadənin dəstəklənməsi mexanizmləridir: "Fikrimcə, bu sahədə fəaliyyət göstərən şirkətlərə daha ucuz kreditlərin verilməsi çox vacib olacaq. Fiziki şəxslər kimi istehlakçılar, kiçik və orta şirkətlər bu cür kreditlərə çıxışa malik olmalıdırlar".