Cənubi Qafqaz regionu bərpa olunan enerji mənbələrinin nəqlində tranzit mərkəz olacaq.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin "EU4Energy" proqramı ilə bağlı Azərbaycan üzrə eksperti Pərviz Qəribzadə Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bərpa olunan enerji sahəsinin inkişafı üçün qonşu ölkələrlə əlaqələr, inteqrasiya mühüm əhəmiyyət kəsb edir: "Azərbaycanın Rusiya, İran, həmçinin Gürcüstanla bu mənada yaxşı əlaqələri var. Ermənistanla sülh sazişi imzaladıqdan sonra üç Cənubi Qafqaz ölkəsi arasında yaxşı sərhədlərarası əməkdaşlıq qurulacaq. Gələcəkdə Azərbaycanda istehsal olunacaq "yaşıl hidrogen" də Türkiyə vasitəsilə Avropaya nəql edilə bilər".
O qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün bərpa olunan enerjinin nəqli məsələsində tranzit rolunu oynaya bilər: "Bizim bu ölkələr ilə yaxşı münasibətlərimiz mövcuddur. Fikrimcə, gələcəkdə Cənubi Qafqaz regionu bərpa olunan enerjinin nəqlində tranzit mərkəz olacaq".