30 sentyabr 2025 11:54
99

Dövlət Komitəsində Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədrinin müşaviri Saodat Boymirzayeva ilə görüş keçirilib

29 sentyabr 2025-ci il tarixində Dövlət Komitəsində  Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədrinin müşaviri Saodat Boymirzayeva ilə görüş keçirilib.

Kommunikasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqi məqsədilə Azərbaycana səfər edən qonağı salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov Dövlət Komitəsinin media ilə iş mexanizmləri, eləcə də qurumun bu sahədə müəyyənləşdirilmiş strateji hədəfləri barədə ətraflı məlumat verib.

Görüş zamanı, həmçinin ölkələrarası ailə institutunun möhkəmləndirilməsi, qadın siyasəti və ictimai maarifləndirmə sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. 

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Saodat Boymirzayeva qeyd edib ki, qarşılıqlı təcrübə mübadiləsinin aparılması iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Müvafiq şöbələrin əməkdaşlarının da iştirak etdiyi görüş gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə proqramlarının təşkili və qarşılıqlı səfərlərin davam etdirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, görüş Özbəkistan Respublikasının Prezidentinin Azərbaycan Respublikasına dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar keçirilib.