30 sentyabr 2025 15:30
203

ADSEA və KOBİA birgə tədbir keçiriblər

Sentyabrın 30-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakı KOB Evində sahibkarlarla görüş keçirib. Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul vəzifəli şəxsləri, “Caspian Energy Club”ın əməkdaşları, sahibkarlar, qeyri-hökümət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov ADSEA-nın, KOBİA-nın su təchizatına qoşulma istiqaməti üzrə fəaliyyəti barədə məlumat veriblər.

Samir Hümbətov ölkəmizdə su ehtiyatlarına olan ehtiyaca diqqət çəkərək bildirib ki, sudan səmərəli istifadə etmək və su ehtiyatlarını qorumaq lazımdır: "Cənubi Qafqazda su ehtiyatlarının, təxminən, 10 faizi ölkəmizin payına düşür. Ümumilikdə, Cənubi Qafqazda su ehtiyatlarının 68 faizi Gürcüstanın, 28 faizi Ermənistanın payına düşür. Su ehtiyatımızın 78-80 faizə yaxını transsərhəd sularının hesabına formalaşır. Ona görə su ehtiyatlarından səmərəli istifadə edilməsi, qorunması lazımdır".

İlham Bayramov isə qeyd edib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su şəbəkəsinə qoşulmaqla bağlı bütün mərhələlərin, yəni qoşulma xətlərinin layihələndirilməsi və digər prosedurların tam şəkildə elektron qaydada həyata keçirilməsi təmin olunub: “Ümumiyyətlə, rəqəmsal texnologiyalardan istifadə etməklə Agentlik göstərdiyi xidmətlərin elektronlaşdırılması, əlçatanlığın artırılması, şəffaflığın təmin olunması, eyni zamanda, vətəndaş məmnuniyyətinin yüksəldilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görür. Statistikaya nəzər salsaq görərik ki, ilin əvvəlindən etibarən 8 245 müraciət qəbul olunub. Onların 58%-i iri şəhərlərin ərazisinə, 42%-i isə kənd və regional ərazilərə aiddir. Müraciətlərin həm əhali, həm də qeyri-əhali kateqoriyası üzrə qoşulmalarla bağlı olduğu qeyd edilməlidir. Ümumilikdə müraciətlərin 58%-i sırf əhali tərəfindən edilib”.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev su resurslarının səmərəli istifadəsi və KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməni, “SmartNation” İnsan İnkişafı Platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova “Su həyatdır” layihəsini, “İrrigaton.az” platformasının təsisçisi Fuad İbadov kənd təsərrüfatında fəaliyyət göstərən KOB-ların su istifadəsinin səmərəliliyinin artırılması barədə fiikirlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Texniki şərtlərin hazırlanması və abonentlərlə işin təşkili şöbəsinin müdiri Yusif Əhədi su şəbəkəsinə qoşulmalar üzrə cari dövr ərzində hesabatları, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in Strateji inkişaf və ASAN mərkəzlərlə işin təşkili şöbəsinin Strateji inkişaf sektorunun müdiri Nicat Əhmədli su şəbəkəsinə qoşulmalar üzrə cari dövr ərzində hesabatları, Xidmətin Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin müdiri Vüqar Bayramov ADSEA tərəfindən göstərilən xidmətlərin KOB Evlərində fəaliyyəti mexanizminin tətbiqini, Xidmətin Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin “ASAN Xidmət” və KOB Evləri ilə işin təşkili və müraciətlərin qəbulu sektorunun müdiri Bəhruz İsrafilov ADSEA tərəfindən göstərilən xidmətlər barədə bukletlər, məlumat kitabçaları və Brayl əlifbası ilə hazırlanmış kitabçanı, Xidmətin İctimaiyyətlə əlaqələr, vətəndaş müraciətlərinin qəbulu şöbəsinin müdiri Ceyhun Musayev Qaydalar və qoşulma prosesləri barədə video-çarxı təqdim ediblər.

Tədbir çərçivəsində “KOB-ların yaşıl keçidi: Su resurslarının səmərəli istifadəsi, KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamənin, “Su həyatdır” layihəsinin, ADSEA tərəfindən göstərilən xidmətlər barədə bukletlər, məlumat kitabçaları və Brayl əlifbası ilə hazırlanmış kitabçanın, qaydalar və qoşulma prosesləri barədə video-çarxın təqdimatı həyata keçirilib. Həmçinin kənd təsərrüfatında fəaliyyət göstərən KOB-ların su istifadəsinin səmərəliliyinin artırılması barədə, Su şəbəkəsinə qoşulmalar üzrə cari dövrün hesabatları, ADSEA tərəfindən göstərilən xidmətlərin KOB Evlərində fəaliyyəti mexanizminin tətbiqi üsulları təqdim olunub.

Orxan Vahidoğlu, "İki sahil"