01 oktyabr 2025 00:58
131

Qlobal çağırışlara cavab tədbirləri inklüziv, ədalətli və ümumbəşəri olmalıdır

Dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının 80-cı sessiyasındakı çıxışında bu reallığı da xüsusi vurğuladı ki, enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir

Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməsi bütün sahələrdə davamlı uğurlarını şərtləndirir. Bu gün Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi maliyyə imkanlarının genişlənməsinə mühüm şərait yaradır ki, bu da öz növbəsində sosial-iqtisadi layihələrin icrasını sürətləndirir.

Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident İlham Əliyev tərəfindən Fərman və sərəncamlar imzalanır. Bu  sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Dövlət başçısı İlham Əliyev bu günlərdə BMT Baş Assambleyasının 80-cı sessiyasındakı çıxışında da diqqəti Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələrə yönəltdi. «Enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir» söyləyən cənab İlham Əliyev vurğuladı ki,  Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq.

Hazırda Azərbaycan  14 ölkəyə təbii qaz ixrac edir. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində  strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb. Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.

Azərbaycan qlobal çağırışlara davamlı töhfələr verən ölkə kimi tanınır. Bu baxımdan dövlətimizin başçısı sözügedən çıxışında qeyd etdi ki, qlobal çağırışlara  gəldikdə,  inanırıq ki, cavab tədbirləri inklüziv, ədalətli və ümumbəşəri olmalıdır. Cənab İlham Əliyev hələ ötən il prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bildirmişdir ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar daha fəal olacağıq.

Azərbaycanın ötən il COP29 tədbirinə ev sahibliyi bunun təsdiqi oldu. Cənab İlham Əliyev BMT tribunasından iqlim konfransının uğurlu nəticələrindən geniş bəhs etməklə yanaşı, bu çağırışı da etdi ki, yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq. Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz.

Cənab İlham Əliyev hər bir çıxışında  ölkə iqtisadiyyatının inkişafında  neft-qaz amilinin rolunu xüsusi qeyd edir. Ötən il keçirilən prezident seçkilərindən sonra  andiçmə mərasimində də əsas çağırışlardan biri bu oldu ki, ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. Müqayisə üçün qeyd edək ki,  həmin çıxışda Azərbaycanın 8 ölkəyə qaz ixrac etdiyi diqqətə çatdırılmışdı. O vaxtdan ötən il yarım ərzində  bu rəqəmin 14-ə çatdırılması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin, nüfuzunun göstəricisidir. Təbii ki, bu rəqəm də son deyil. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Azərbaycan qazına tələbat artır. Ümumiyyətlə, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Həmçinin ölkələr arasında əlaqələrin inkişafında  enerji amili əsas yer tutur. Bu gün bu amil artıq yeni müstəviyə keçən Azərbaycan-ABŞ münasibətlərində də özünü aydın şəkildə nümayiş etdirir.  

Azərbaycan enerji və nəqliyyat mərkəzi kimi yeri və rolunu  daha da möhkəmləndirir. Ölkəmizin nəqliyyat infrastrtukturunun təkmilləşdirilməsinə göstərdiyi  diqqətdən bəhs edərkən son beş ildə azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, xüsusilə də avtomobil, dəmir yolu, hava limanı tikintisi xüsusi qeyd edilir. Bircə faktı qeyd etmək kifayətdir ki, bu ərazilərdə üç Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilib. Çıxışlarında «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikilən Beynəlxalq Hava limanlarına yönəldir.  2021-ci ildə Füzuli, 2022-ci ildə  Zəngilan bu ilin mayında isə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi.

Azərbaycanın coğrafi mövqeyi əlaqələrin inkişafında, yeni körpülərin qurulmasında əhəmiyyətli rol oynayır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layihələri ölkəmizdən keçir. Cənab İlham Əliyev BMT Baş Assambleyasının 80-cı sessiyasındakı çıxışında bu rəqəmləri açılqadı ki,  2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalarda təqribən 90 faiz artımın şahidi olmuşuq. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycan “Rəqəmsal İpək Yolu” kimi əhəmiyyətli layihə vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü irəlilədir. Bu layihəyə Azərbaycanın əsas regional rəqəmsal mərkəzə çevrilməsinə şərait yaradacaq Xəzər dənizinin dibi ilə qabaqcıl fiber-optik kabel şəbəkəsinin qurulması planları da daxildir.

Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli işlahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı on ildə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək.

Davamlı və yüksək iqtisadi artımın sosial islahatların həllinə yönəldilməsi istiqamətində Azərbaycanın malik olduğu təcrübənin şaxələndirilməsi qarşıdakı illərdə də davam etdiriləcək. Beynəlxalq aləmdə özünü doğruldan yeniliklərdən ölkə vətəndaşlarının bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyətin formalaşmasına diqqət artırılacaq. Regionların sosial- iqtisadi inkişafı Dövlət proqramlarında olduğu kimi, 2030-cu ilədək görüləcək işlərin xronologiyasını əks etdirən Milli Prioritetlərdə paytaxtın və regionların tarazlı inkişafı üçün mühüm vəzifələr əksini tapır.

Göründüyü kimi, atılan hər bir addımda vətəndaş amili əsas yer tutur. İnsanların yüksək rifah şəraitində yaşayışı  iqtisadi siyasətin əsas tərkib hissəsidir. Bu il sayca 5-ci sosial paketin icra edilməsi bunun bariz nümunəsidir. İşsizlik, yoxsulluq problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Özünüməşğulluq proqramı icra edilir. Azad edilmiş ərazilərimizə  qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsi də əsas diqqət göstərilən məsələlər sırasındadır.  Dövlət başçısı İlham Əliyev  BMT tribunasından Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən amillərdən bəhs etməklə yanaşı,  sosial müdafiə sahəsində görülən işlərin uğurlu nəticələrini də diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan neft və qaz sektorundan əlavə, iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, islahatlar və şəffaflıq vasitəsilə investisiya mühitinin yaxşılaşdırılmasına diqqət yetirməklə mühüm iqtisadi artıma nail olub. Yoxsulluğun və işsizliyin tarixi minimum həddə – 5 faizə endirilməsi ölkəmizin daha bir nailiyyətidir. Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi (“Moody’s” və “Fitch”) Azərbaycanın reytinqini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır.

Azərbaycan uğurlu siyasəti ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Rəqabətqabiliyyətli iqtisadiyyata malik olan ölkəmiz özünü, eyni zamanda, dünyaya sosial dövlət kimi təqdim edir.

Yeganə Əliyeva, «İki sahil»