Beş il öncə – oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad edilməsi Vətən müharibəsində güc balansı ilə bərabər, psixoloji üstünlüyün də tam olaraq Azərbaycan tərəfinə keçməsi ilə nəticələndi
Artıq tarixin arxivinə atılmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”nin ədalətli həlli məsələsində beynəlxalq birliyin uzun illər susduğu və məsələnin sülh yolu ilə həllini faktiki olaraq mümkünsüz etdikləri hər kəsə bəllidir. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar öz üzərlərinə düşən missiyanı yerinə yetirmədilər, daha doğrusu bunu etmək istəmədilər. Nəticədə 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi Vətən müharibəsində güc balansı ilə bərabər psixoloji üstünlüyün də tam olaraq Azərbaycan tərəfinə keçməsi ilə nəticələndi. Düzdür, Cəbrayılın azad olunması üçün ordumuzun hazırlığı hələ 2016-cı ilin Aprel müharibəsi ilə başlanmışdı. Belə ki, Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi isə Füzuli-Cəbrayıl magistralına nəzarət etmək imkanı yaratdı ki, bu da ordumuzun gələcəkdə bu istiqamətdə rahat irəliləməsində həlledici rol oynadı. Nəticədə elə Vətən müharibəsinin ilk günündə, yəni 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edildi. Hərbi ekspertlərin də vurğuladıqları kimi, Cəbrayıl şəhərinin düşməndən azad edilməsi Ermənistan ordusunun müqavimət potensialını zəiflətməklə bərabər, onun əks hücum planlarını da iflasa uğratdı. Cəbrayılın Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması ordumuzun daha geniş coğrafiyada manevr etməsi üçün vacib olan maqistral yolun açılmasına və sonrakı günlərdə hücum tempini artırmasına əlverişli şərait yaratdı.
Cəbrayılın işğaldan azad olunmasında ən önəmli məqamlardan biri xalqımızın tarixində xüsusi yeri olan Xudafərin körpüsünün də işğaldan azad olunması ilə bağlı oldu. Cənubda və ya Şimalda, eləcə də dünyanın harasında yaşamasından asılı olmayaraq Xudafərin hər bir Azərbaycanlı üçün bir milli qürur məsələsi idi. Elə cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın müharibənin başa çatmasından cəmi bir neçə gün sonra, yəni 2020-ci il noyabrın 16-da Cəbrayıla səfərləri çərçivəsində ilk olaraq Xudafərin körpüsündə olmaları və Ali Baş Komandanın orada müqəddəs Bayrağımızı ucaltması da türkün tarixi hünərlərinə şahidlik rəmzi olan bu körpünün əhəmiyyətinin göstəricisi hesab oluna bilər.
Xatırladaq ki, Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilmişdir. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə, mümkün deyil. Qırılan talelər, yarım qalan ömürlər, geridönməz xoşgünlər, əvəzsiz xatirələr. Ermənilərin ölümə, işgəncəyə qərq etdiyi ünvanlarda körpə gülüşü, toylar-düyünlər olub bir zamanlar. Cəbrayılı görmədən bu dünyaya gözlərini əbədi yuman cəbrayıllılar olub. Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdı. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.
Cəbrayıl rayonunun ərazisi mərmər və digər qiymətli tikinti materialları ilə zəngindir. Rayonda hətta neft yataqlarının olduğu da bəllidir. Həmçinin Cəbrayılda qaynar mədəniyyət, elm-təhsil, maarif mühiti olub. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub. Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diridağdakı Mazan nənə türbəsi, Mərmər nənə məqbərəsi kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diridağdakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbə (“Dairəvi”) və məqbərələr, Türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı ermənilər tərəfindən məhv edilib və ya dağıntıya məruz qalıb.
Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayılın adına 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu gün işğaldan azad olunmuş digər rayonlarımız kimi, Cəbrayılda da sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə, o cümlədən də Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı ötən ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb. Proses davam etməkdədir.
Prezident İlham Əliyevin ötən ilin iyul ayında imzaladığı Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan həmin Sərəncama əsasən, 4 oktyabr-Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.
Sevinc Azadi, “İki sahil”