03 oktyabr 2025 23:37
111

Rəqəmsal diplomatiya Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir

Ölkəmiz XXI əsrin innovativ xəritəsində enerji və nəqliyyat mərkəzi olmaqla yanaşı, rəqəmsal bağlantıların, bilik axınının və texnoloji tərəfdaşlığın da regional qovşağına çevrilir

Prezident İlham Əliyevin sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı ölkəmizin gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm məqamlarla yadda qaldı. Dövlət başçısının diqqət mərkəzinə gətirdiyi əsas məsələlərdən biri Azərbaycanın rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensiala malik olması və bu istiqamətdə beynəlxalq miqyaslı təşəbbüslərin həyata keçirilməsidir. Prezidentin xüsusi vurğuladığı “Rəqəmsal İpək yolu” layihəsi həm müasir çağırışların, həm də Azərbaycanın strateji mövqeyinin real göstəricisinə çevrilib. Bu təşəbbüs sayəsində ölkəmiz təkcə enerji və nəqliyyat qovşağı kimi deyil, həm də rəqəmsal texnologiyalar sahəsində qlobal əlaqələrin mərkəzi kimi çıxış etməkdədir.

Müasir dünyanın əsas inkişaf xətti artıq rəqəmsal transformasiya ilə müəyyən edilir. İqtisadi modellərə süni intellektin, böyük verilənlərin, bulud texnologiyalarının və yüksək sürətli məlumat şəbəkələrinin inteqrasiyası dövlətlərin rəqabət qabiliyyətini formalaşdıran ən vacib amillərdən biridir. Qlobal rəqabət mühitində informasiya texnologiyalarına sərmayə qoymayan dövlətlərin iqtisadi güc qazanması, siyasi təsir imkanlarını artırması getdikcə çətinləşir. ABŞ, Çin, Avropa İttifaqı kimi böyük güclərin milli inkişaf konsepsiyalarında rəqəmsal transformasiya prioritetin əsasını təşkil edir. Bu baxımdan dövlətimiz də zamanın çağırışlarını düzgün qiymətləndirərək “rəqəmsal iqtisadiyyat”ı milli inkişaf strategiyasının mərkəzinə yerləşdirib.

Region dövlətləri üçün nümunə

“Yeni inkişaf mərhələsində Azərbaycan” adlanan 2022–2026-cı illəri əhatə edən Dövlət Strategiyasında rəqəmsal infrastrukturun genişləndirilməsi, dövlət xidmətlərinin elektron müstəviyə daşınması, rəqəmsal sahibkarlığın və innovativ ekosistemin təşviqi başlıca istiqamətlər kimi müəyyənləşdirilib. Bu istiqamətdə artıq çoxsaylı institusional addımlar atılıb: “ASAN xidmət” modeli vətəndaş məmnuniyyətinin simvoluna çevrilərək dünyanın bir çox ölkəsində öyrənilir, “e-Gov” platforması dövlət idarəçiliyinin çevikliyini artırır, “AzDataCom” və “AzInTelecom” kimi infrastruktur layihələri isə ölkəmizin beynəlxalq standartlara uyğun informasiya sistemləri yaratmasına şərait yaradır. Data mərkəzlərinin yaradılması, bulud texnologiyalarının tətbiqi, innovasiya agentliklərinin təşəbbüsləri Azərbaycanın rəqəmsal inkişafını sürətləndirir. Bu model həm də region dövlətləri üçün nümunə xarakteri daşıyır.

Daxili bazadan qlobal ambisiyalara doğru

Ölkə daxilində formalaşdırılan bu güclü rəqəmsal baza Azərbaycanın yalnız milli səviyyədə deyil, həm də regional və qlobal miqyasda yeni təşəbbüslərlə çıxış etməsinə imkan yaradıb. Elə  BMT tribunasından səslənən fikirlər də onu göstərir ki, Azərbaycan yalnız daxili rəqəmsallaşma siyasəti yürütmür, eyni zamanda, region ölkələri arasında texnoloji inteqrasiyanın və məlumat axınının əsas mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyub. Bu yanaşma isə beynəlxalq müstəvidə rəqəmsal diplomatiya kimi dəyərləndirilir. Əgər ötən əsrin sonlarında Azərbaycanın əsas strateji xətti enerji resurslarının beynəlxalq bazarlara çıxışı idisə, XXI əsrdə bu missiyanı rəqəmsal bağlantılar və informasiya axını daşıyır.

Rəqəmsal İpək yolu – tarixi marşrutun müasir forması

“Rəqəmsal İpək yolu” təşəbbüsü bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Tarixi İpək yolunun müasir rəqəmsal ekvivalenti kimi təqdim olunan bu layihə Avropa və Asiyanı birləşdirən etibarlı, yüksək ötürmə qabiliyyətinə malik fiber-optik şəbəkənin qurulmasını nəzərdə tutur. Azərbaycanın coğrafi mövqeyi burada həlledici üstünlüyə çevrilir: Şərq–Qərb və Şimal–Cənub marşrutlarının kəsişməsində yerləşən ölkəmiz təbii tranzit mərkəzi rolunu oynayır. Bu, həm də ölkəmizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Layihənin mühüm hissəsini təşkil edən Transxəzər kabel xətti isə yeni rəqəmsal telekommunikasiya dəhlizinin formalaşdırılmasına xidmət edir. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistanı əhatə edən bu layihə Avropa ilə Asiya arasında etibarlı məlumat körpüsü qurur. Kabel xətti sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsindən başlayaraq yüksək keyfiyyətli kabellərin layihələndirilməsi, istehsalı, daşınması və quraşdırılması mərhələlərini əhatə edir. “AzərTelecom” və “Kazakhtelecom” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən layihəyə ABŞ-ın “Pioneer Consulting” şirkəti texniki nəzarət və məsləhət dəstəyi verir. Tikinti işlərinin 2026-cı ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır ki, bu da Azərbaycanın regional rəqəmsal xəritəsini köklü şəkildə dəyişəcək.

Ekspertlərin vurğuladıqları kimi, layihənin uğurlu icrası bir neçə mühüm strateji nəticə doğuracaq. İlk növbədə, region ölkələri üçün informasiya təhlükəsizliyi baxımından müstəqillik təmin ediləcək. Yəni, dövlətlər məlumat axınını üçüncü tərəf infrastrukturlarından asılı olmadan idarə edə biləcək. Bu, həm siyasi, həm də iqtisadi müstəqilliyin gücləndirilməsi baxımından mühüm amildir. İkinci nəticə iqtisadi inteqrasiyadır: məlumat mübadiləsinin sürətlənməsi, elektron xidmətlər və e-ticarət üçün vahid bazarın yaranması yeni imkanlar açacaq. Üçüncü mühüm nəticə isə texnoloji sinerji ilə bağlıdır. Fiber-optik şəbəkə bulud texnologiyaları, süni intellekt və böyük verilənlər üzrə əməkdaşlıq üçün baza rolunu oynayacaq.

Enerji qovşağından rəqəmsal qovşağa

Azərbaycanın bu təşəbbüsdə öncüllüyü ölkəmizin tranzit statusunu yeni mərhələyə daşıyır. Əgər enerji layihələri sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayırsa, bu dəfə rəqəmsal bağlantılar vasitəsilə Avropa ilə Asiya arasında informasiya körpüsünə çevrilir. London–Bakı–Almatı marşrutu ilə hərəkət edəcək məlumat axını yeni alternativ data dəhlizi formalaşdıracaq. Bu isə Azərbaycanın qlobal internet xəritəsində mühüm qovşaq nöqtəsinə çevrilməsi deməkdir.

Layihənin regional əhəmiyyəti ilə yanaşı, qlobal təsirləri də böyükdür. Avropa ilə Asiya arasında informasiya axınının təhlükəsizliyi və sabitliyi təmin olunacaq, Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışı asanlaşacaq. Bu, həm də Azərbaycanın yalnız enerji və logistika deyil, informasiya texnologiyaları sahəsində də tranzit ölkə statusunu möhkəmləndirəcək. Beləliklə, Azərbaycan həm iqtisadi, həm siyasi, həm də texnoloji baxımdan strateji üstünlüklər qazanır.

İnnovasiya və startap ekosistemində yeni mərhələ

Son illərdə həyata keçirilən Dövlət proqramları bu istiqamətdə institusional bazanı gücləndirib. İnnovasiya Agentliyi və “Startup Azərbaycan” platforması isə texnoloji yeniliklərin tətbiqində ölkəmizi regionda öncül mövqeyə çıxarıb. Azərbaycanın bu sahədə qazandığı təcrübə artıq beynəlxalq miqyasda da yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasında səsləndirdiyi “Ölkəmiz rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir” fikri Azərbaycanın tərəfdaşlığa açıq mövqeyini və rəqəmsal diplomatiya strategiyasının əsas sütununu nümayiş etdirir. Bu yanaşma həm də BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə tam uzlaşır. İnfrastruktur, sənayeləşmə, innovasiya, ağıllı şəhər və kənd layihələri, süni intellektin idarəetmədə tətbiqi kimi təşəbbüslər dayanıqlı inkişafın vacib elementlərinə çevrilib. Bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, müasir çağırışları düzgün dəyərləndirməsinin və Azərbaycanın qlobal iqtisadi sistemdə yeni mövqeyə yüksəlməsinin bariz göstəricisidir.

XXI əsrin rəqəmsal dünyasının əsas oyunçusu

Beləliklə, Azərbaycan XXI əsrin innovativ xəritəsində enerji və nəqliyyat mərkəzi olmaqla yanaşı, rəqəmsal bağlantıların, bilik axınının və texnoloji tərəfdaşlığın da regional qovşağına çevrilir. Bu proses isə ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirir, Azərbaycanı qlobal rəqəmsal dünyanın əsas oyunçularından birinə çevirir.

Nigar Orucova, "İki sahil"