4 oktyabr – Cəbrayıl şəhəri günü uzun illər davam edən işğalın ardından xalqın iradəsi və dövlətin qətiyyətli siyasəti nəticəsində tarixi ədalətin bərpası ilə qazanılmış Zəfərin bir göstəricisi olaraq yaddaşlara həkk olunub. Cəbrayılın azad olunması şanlı ordumuzun fədakarlıq salnaməsinin parlaq təzahürü kimi mühüm önəm kəsb edir.
1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin hücumu nəticəsində Cəbrayıl rayonu işğal olundu. Bir vaxtlar sosial-iqtisadi inkişafı ilə seçilən, zəngin tarixə malik bu məkan erməni vandalizminə məruz qalaraq qısa zamanda xarabalığa çevrildi. 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan rayon tamamilə düşmən nəzarətinə keçdi. Hesablamalara görə, Cəbrayıla dəymiş ziyanın ümumi məbləği 13,928 milyard ABŞ dollarına çatırdı. 52 min nəfərlik əhali doğma torpaqlarından didərgin düşdü, 72 məktəb, 8 xəstəxana fəaliyyətini dayandırdı, 132 tarixi abidə və 150-dən çox mədəniyyət ocağı məhv edildi. 362 nəfər şəhid oldu, 191 nəfər isə ömürlük əlil qaldı.
İşğala qədər Cəbrayıl Azərbaycanın ən dinamik inkişaf edən rayonlarından idi. Əhalinin əsas məşğuliyyəti üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla bağlı idi. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, bir quşçuluq fabriki fəaliyyət göstərirdi. Təhsil və səhiyyə sahəsində yüzlərlə mütəxəssis xidmət göstərirdi. Bu potensial Ermənistanın işğalçı siyasəti nəticəsində tamamilə dağıdıldı. Qız qalası, Sultan Məcid hamamı, qədim türbələr, Xudafərin körpüləri kimi abidələrə zərbə vuruldu. Əslində, bu faktlar yalnız mədəni irsin məhv edilməsi deyil, həm də beynəlxalq humanitar hüququn pozulması idi. Belə vandalizm aktları bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət xarakteri daşıyırdı.
İşğaldan sonra on minlərlə cəbrayıllı Azərbaycanın müxtəlif bölgələrinə səpələndi. Çadırlarda, vaqonlarda və yataqxanalarda uzun illər yaşamağa məcbur qaldılar. Lakin o dövrdə məcburi köçkünlər doğma yurda qayıtmaq ümidini itirmədi, Vətən sevgisi və qayıdış arzusu onların milli iradəsini gücləndirən əsas amil oldu.
1994-cü ildə Horadiz əməliyyatı nəticəsində Cocuq Mərcanlı kəndi azad olunsa da, uzun müddət ön cəbhədə yerləşdiyi üçün yaşayışsız qaldı. Yalnız 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin işğaldan azad olunması həmin kəndə yeni həyat verdi. Burada infrastruktur bərpa edildi, evlər, məktəb və məscid tikildi. Bu əlamətdar hadisə psixoloji baxımdan dönüş nöqtəsi idi, məcburi köçkünlər arasında doğma yurda qayıdış inamı möhkəmləndi. Beləliklə, Böyük Qayıdış konsepsiyasının praktiki əsasları formalaşmağa başladı.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi milli dövlətçilik tariximizdə həlledici mərhələ olub. 4 oktyabrda Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun 9 kəndini işğaldan azad edib. Rayon ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd düşmən tapdağından azad olunub. Cəbrayılın azadlığı həm hərbi-strateji, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edib. Bu Qələbə Zəngilan, Qubadlı, Laçın istiqamətlərində uğurlu əməliyyatlara yol açıb. Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının ucaldılması isə Zəfərin təcəssümünə çevrilib.
Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Belə ki, minlərlə hərbi qulluqçu həmin medala layiq görülüb. Bu amillər Azərbaycan Ordusunun misilsiz şücaətinin və Vətənə sədaqətinin dövlət səviyyəsində yüksək dəyərləndirilməsi deməkdir. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Postmüharibə dövründə Cəbrayılın bərpası prioritet istiqamətə çevrilib, burada Araz Vadisi İqtisadi Zonası sənaye parkı yaradılıb, müasir enerji infrastrukturu qurulub, yol layihələri icra olunmağa başlayıb. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu isə regionun nəqliyyat sistemində strateji rol oynayacaq. Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Beləliklə, Cəbrayıl müasir şəhərsalma prinsipləri ilə yenidən qurulacaq və burada 15 min nəfərin yaşaması nəzərdə tutulur. 2024-cü ilin 26 sentyabr tarixində ilk köç karvanının rayona qayıdışı Böyük Qayıdış prosesinin real başlanğıcı olub.
Cəbrayılın azad olunması faciədən tarixi Zəfərə, dağıntılardan quruculuğa uzanan yolun parlaq nümunəsidir. 4 oktyabr – Cəbrayıl şəhəri günü isə həmin yolun zirvəsini ifadə edir. Bu tarix yalnız qəhrəmanlıq salnaməsi deyil, həm də milli iradənin, strateji düşüncənin və qətiyyətli siyasətin nəticəsi kimi xüsusi önəm kəsb edir.
Heydər Əsədov,
Milli Məclisin deputatı