Müzəffər Ali Baş Komandanımızın müdrik rəhbərliyi və rəşadətli Ordumuzun şücaəti sayəsində xalqımız Vətən müharibəsində tarixi Qələbə qazandı. Bu Zəfər təkcə torpaqlarımızın azad olunması ilə məhdudlaşmadı, həm də hər bir azərbaycanlının yaddaşına qürur və fərəh hissi ilə həkk olunan yeni tarixi günlər bəxş etdi. Əgər bir vaxtlar xalqımız doğma yurdlarımızın işğal günlərini kədər və hüznlə anırdısa, bu gün həmin torpaqların azad edildiyi şərəfli tarixləri böyük sevinc və iftixar hissi ilə qeyd edir. Bu günlər təhsil müəssisələrində gələcək nəsillərə öyrədilir, məktəblilərin yaddaşına qəhrəmanlıq səhifələri kimi həkk olunur.
Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı Sərəncamla işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması isə bu şərəfli günlərin dövlət səviyyəsində əbədiləşdirilməsinə imkan yaratdı. Bu qərar, həm xalqımızın Zəfər yaddaşının qorunması, həm də gənc nəslin milli ruhda tərbiyə olunması baxımından tarixi əhəmiyyət daşıyır.
Bu qəhrəmanlıq tarixlərindən biri də 4 oktyabrdır – məhz həmin gün Cəbrayıl rayonu düşmən işğalından azad edildi.
Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən, ümumi sahəsi 1050 kvadrat kilometr olan Cəbrayıl rayonu inzibati baxımdan 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarətdir. Ərazi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngin olduğundan iqtisadi potensial baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Lakin 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Cəbrayıl rayonu ağır faciələrlə üzləşdi.İşğal nəticəsində rayona 13 milyard 928 milyon ABŞ dolları həcmində iqtisadi və infrastruktural zərər dəymiş, 72 məktəb, 8 xəstəxana, 132 tarixi abidə tamamilə məhv edilmişdir. Birinci Qarabağ müharibəsində Cəbrayıldan 362 nəfər qəhrəmanlıqla şəhid olmuş, 191 nəfər əlil qalmış, 6 nəfər isə göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Təkcə əhali öz doğma yurd-yuvasından didərgin salınmamış, eyni zamanda erməni işğalçıları tərəfindən Cəbrayılın tarixi-mədəni irsi də amansız vandalizmə məruz qalmışdır. Əsrlərin yadigarı olan abidələr – Dağtumas kəndi yaxınlığındakı “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə və Mərmərnənə məqbərələri, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbələr və qədim türk qəbiristanlıqları məhv edilərək tarixdən silinməyə çalışılmışdır.
Məscidlər, hamamlar, türbələr, qədim qalalar dağıdılaraq Cəbrayılın zəngin tarixi-mədəni irsi yerlə-yeksan edilmiş, bununla da bölgənin azərbaycanlı kimliyini unutdurmağa çalışmışlar.
Hələ 1994-cü il 5 yanvar tarixində keçirilən Horadiz əməliyyatı zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi bölgəyə həyatın qayıdışının və Böyük Qayıdışın başlanğıcı olmuşdur. Daha sonra, 2016-cı ilin Aprel döyüşlərində rayon ərazisində yerləşən strateji Lələtəpə yüksəkliyi düşməndən azad edilərək Azərbaycan Ordusunun nəzarətinə keçmişdir.
2020-ci ildə başlayan Vətən Müharibəsi isə Cəbrayılın tam azadlığına gətirib çıxardı. Müharibənin ilk günü – 27 sentyabrda Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Ardınca, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabrda isə Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal işğaldan təmizləndi. Ümumilikdə aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun 1 şəhər və 90 kəndi düşməndən azad olundu.
Cəbrayıl əməliyyatı hərbi cəhətdən ən çətin döyüşlərdən biri idi. Düşmən bu ərazilərdə çoxsaylı istehkamlar qurmuş, müdafiəni möhkəmləndirmişdi. Buna baxmayaraq, Azərbaycan Ordusu böyük fədakarlıq və qəhrəmanlıq göstərərək qətiyyətli zəfərə nail oldu. Rayonun strateji mövqeyi xüsusi əhəmiyyət daşıyırdı – burada yerləşən yüksəkliklərin və keçidlərin nəzarətə götürülməsi ordumuza Hadrut və Xocavəndin cənub kəndlərində, eləcə də digər istiqamətlərdə əməliyyatlar aparmaq imkanı yaratdı. Bu üstünlüklər sayəsində sonrakı mərhələdə Zəngilan və Qubadlı rayonları, Laçının cənub hissəsi işğaldan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi. Cəbrayıl uğrunda qazanılan Qələbə ərazi bütövlüyümüz uğrunda mübarizədə dönüş nöqtəsi oldu.
2020-ci il 26 noyabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və bu orden 20 mindən çox hərbi qulluqçuya təqdim olundu. Bu, torpaqlarımızı azad edən igidlərə göstərilən dərin ehtiramın təcəssümü idi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl rayonunda yerləşən tarixi Xudafərin körpüsündə Azərbaycan Respublikasının bayrağını ucaltması isə yalnız işğalın sona çatmasının deyil, həm də müstəqilliyimizin, milli iradəmizin və ərazi bütövlüyümüzün rəmzi kimi tarixə yazıldı. Qədim Xudafərin körpüsü bir daha Azərbaycanın qürur simvoluna çevrildi.
Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, Cəbrayılda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bölgənin inkişafı üçün mühüm addımdır. Cəbrayıl yarımstansiyası istifadəyə verilmiş, yeni enerji infrastrukturu qurulmuş, 4–6 zolaqlı magistral yollar çəkilmişdir. Rayonun bərpa proqramı təsdiqlənib və layihələrə şəxsən Prezident İlham Əliyev nəzarət edir. Dövlət başçısının dəfələrlə Cəbrayıla səfər etməsi də bu torpaqlara qayğı və diqqətin bariz nümunəsidir.
Böyük Mərcanlı kəndinin yenidən qurulması və əhalinin yüksək yaşayış şəraitinin təmin edilməsi məqsədilə xüsusi inkişaf layihələri hazırlanmışdır. Layihəyə əsasən, 2040-cı ilədək burada 6230 nəfərin məskunlaşması üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının inşası nəzərdə tutulur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ilk mərhələdə, 2026-cı ilə qədər 41 hektarlıq ərazidə 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək.
Karxulu kəndində və digər yaşayış məntəqələrində aparılacaq bərpa planına görə Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun inşası ilə bölgənin digər ərazilərlə əlaqəsi bərpa ediləcək. Burada 4428 sakin üçün 940 fərdi ev, məktəb, uşaq bağçası, müasir ictimai binalar və xidmət obyektləri tikiləcək. Layihənin ümumi əhatə dairəsi 313 hektardır və bu kəndin yenidən dirçəlməsi Böyük Qayıdış proqramının əsas istiqamətlərindən biri kimi nəzərdə tutulur.
Sarıcallı kəndində də genişmiqyaslı quruculuq işləri planlaşdırılıb. İlk mərhələdə 104 hektarlıq ərazidə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq. Bununla yanaşı, inzibati bina, klub-icma, idman və sağlamlıq mərkəzləri, biznes sahələri yaradılacaq ki, bu da kənd əhalisinin həm sosial, həm də iqtisadi tələbatlarını təmin edəcək.
Maşanlı kəndinin yenidən salınması da Cəbrayıl rayonunun inkişaf strategiyasında mühüm yer tutur. Layihəyə əsasən, 2040-cı ilədək kəndin ümumi sahəsi 157,54 hektara çatacaq, burada 2360 nəfər məskunlaşacaq. Təhsil və sosial ehtiyacların qarşılanması üçün yeni məktəb və uşaq bağçası inşa ediləcək, həmçinin əhalinin məşğulluğu üçün müasir ictimai obyektlər yaradılacaq.
Şübhə yoxdur ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaxın illərdə Cəbrayıl rayonu tamamilə dirçələcək, müasir şəhərsalma standartlarına uyğun infrastruktur və yaşayış məhəllələri ilə Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini