04 oktyabr 2025 16:44
123

Böyük Qayıdış proqramı sosial-iqtisadi yüksəlişə və davamlı inkişafa zəmin yaradır

Cəbrayılın azad olunması və yenidən dirçəlişi milli tariximizin şanlı səhifələrindən biridir. Tarixi Zəfər xalqımızın iradəsini, qəhrəmanlığını və vətənpərvərliyini nümayiş etdirir. 4 oktyabr – Cəbrayıl şəhəri günü isə həm işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa işlərini, həm də xalqımızın birlik və qələbə ruhunu təcəssüm etdirir.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi və 52 min nəfər əhalisi yaşayırdı. Bu işğal həm regionun demoqrafik strukturuna, həm də iqtisadiyyatına ciddi ziyan vurdu. İnsanlar öz yurd-yuvalarını tərk etməyə məcbur oldular, kəndlər dağıdıldı və bir çox tarixi abidələr məhv edildi.

İşğal nəticəsində rayonun iqtisadiyyatı və infrastrukturu tamamilə dağıdıldı. 1050 kvadrat kilometr ərazidə yerləşən 72 məktəb, 8 xəstəxana, 132 tarixi abidə və 150 mədəniyyət ocağı işğalçılar tərəfindən vəhşicəsinə məhv edildi. Birinci Qarabağ müharibəsi zamanı 362 nəfər şəhid, 191 nəfər əlil oldu, 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. İşğal, həmçinin sosial həyatın bütün sahələrinə böyük ziyan vurdu, əhalinin təhsil, səhiyyə və mədəniyyət imkanlarını məhdudlaşdırdı.

Cəbrayıl zəngin təbii sərvətlərə malikdir, rayon ərazisində sement, mərmər, mişar daşı, dəmir filizi və hətta neft yataqları mövcuddur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin və maarifin inkişafı yüksək səviyyədə idi. Rayonun 510 çarpayılıq xəstəxanasında 92 həkim və 432 orta ixtisaslı tibb işçisi çalışırdı. 72 məktəbdə 1660-dan çox müəllim fəaliyyət göstərirdi. Rayonun tarix-diyarşünaslıq muzeyində isə 20 mindən çox eksponat qorunurdu. 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi. Bütün bunlar rayonda iqtisadiyyatın sabitliyini və əhalinin rifahını göstərirdi.

İşğal zamanı Cəbrayılın tarixi və mədəni irsi məqsədli şəkildə məhv edildi. Qalacıq kəndindəki “Məscid Təpəsi”, Xudafərin körpüləri, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Sultan Məcid hamamı və çoxsaylı məqbərələr dağıdıldı. Bu vandalizm Cəbrayılın zəngin mədəniyyətinin sistemli şəkildə hədəf alındığını göstərirdi. Arxeoloji abidələr, məscidlər, türbələr və tarixi körpülər işğal zamanı tamamilə itirildi. Bütün bunlar həm tariximizə, həm də mədəniyyətimizə böyük ziyan vurdu.

İşğal nəticəsində rayonun sakinləri respublikanın 58 rayonuna, minlərlə yaşayış məntəqəsinə, qaçqın düşərgələrinə və yataqxanalara köçdü. Məcburi köçkünlük illəri onların həyatını çətinləşdirdi, lakin Vətənə dönüş arzusu qalırdı.

1994-cü ilin 5 yanvarında Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi azad edildi. 2016-cı ilin Aprel döyüşləri zamanı şanlı ordumuz tərəfindən Lələtəpə yüksəkliyinin azad olunması nəticəsində bu kəndə qayıdış Böyük Qayıdış proqramının başlanğıcı oldu.

2020-ci ilin Vətən müharibəsi zamanı - 27 sentyabrda Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabrda isə Cəbrayıl şəhəri və 9 kənd işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd düşmən tapdağıdan qurtarıldı. Bu amillər Azərbaycan Ordusunun planlı hərbi strategiyasının və qəhrəmanlığının göstəricisi oldu.

Düşmən ərazidə çoxsəviyyəli istehkamlar qurmuşdu, onları yarmaq böyük qəhrəmanlıq tələb edirdi. Cəbrayılın azad olunması regionda uğurlu əks-hücum əməliyyatlarına şərait yaratdı. Xocavəndin cənub kəndləri, Hadrut qəsəbəsi və Zəngilan, Qubadlı və Laçın rayonlarına yol açıldı. Bu əməliyyatlar regionda təhlükəsizliyin təmin olunması və əhalinin Vətənə qayıtması üçün mühüm addım idi.

2020-ci il noyabrın 26-da Azərbaycan Ordusunun 22 797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Xudafərin körpüsündə Azərbaycan Bayrağının ucaldılması tarixi və siyasi əhəmiyyət kəsb edir, xalqın yaddaşında əbədi iz buraxdı. Bu hadisə həm tarixi Qələbənin, həm də ölkəmizin ərazi bütövlüyünün bir təzahürü kimi dəyərləndirilir.

2021-ci il 4 oktyabr tarixində Prezident İlham Əliyevin Fərmanı ilə Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradıldı. Parkda logistika, ticarət, gömrük, yanacaqdoldurma və texniki xidmət mərkəzlərinin inşası nəzərdə tutulur. Artıq investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Bu layihə regionun iqtisadi inkişafı üçün yeni imkanlar yaradır, iş yerlərinin açılmasına və yerli iqtisadiyyatın dirçəldilməsinə xidmət edir.

Cəbrayıl yarımstansiyası istifadəyə verilib, yeni elektrik xətləri çəkilib. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yollarının inşası regionun sosial-iqtisadi inkişafına töhfə verir. Bu yollar işğaldan azad edilmiş rayonlarda nəqliyyat əlaqələrini gücləndirir, ticarət və logistika imkanlarını artırır.

Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Plana əsasən, şəhərdə 15 min nəfər yaşayacaq. 2024-cü ilin 26 sentyabr tarixində ilk köç karvanı şəhərə yola salınıb. İndiyədək 659 ailə – 2856 nəfər doğma yurduna qayıdıb. Bu proses davam edir və yaxın illərdə şəhər tamamilə canlanacaq.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. Həmin gün xalqımızın birlik, mübarizə və qələbə ruhunun təntənəsini nümayiş etdirir.

Nurlan Həsənov,

Milli Məclisin deputatı