Türk dünyasının birliyi, bərabərliyi və həmrəyliyi bütün dünyada sülhə, əməkdaşlığa, təhlükəsizliyə rifaha, tərəqqiyə böyük töhfələr verəcək. Qəbələ Zirvə görüşü bu istiqamətdə yeni səhifə açacaq.
XXI əsr türk əsridir. Türk dünyası bir olduqca daha da güclü olur. Türk Dövlətləri Təşkilatı (TDT Avrasiyanın xəritəsində artıq güclü siyasi-iqtisadi mərkəzə çevrilir. Qlobal müstəvidə türk dövlətlərinin təsirini artırmaq istiqamətində strateji addımlar atılır. Bu mənada oktyabrın 7-də Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XII Zirvə görüşünün mövzusu “Regional sülh və təhlükəsizlik” olaraq açıqlanması xüsusi ilə diqqəti çəkir.
Qəbələ Zirvə görüşündə TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçıları, nümayəndə heyətləri iştirak edəcəklər. Gündəliyə bölgədə və beynəlxalq aləmdə aktual məsələlərin müzakirəsi, üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, birlik, sülh və rifahı irəli aparmaq məqsədilə mühüm sənədlərin qəbul edilməsi daxildir. Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək.
Türk dövlətləri arasında əməkdaşlığın ilk kövrək addımları 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkdilli ölkələrin Zirvə görüşü ilə atılıb. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış müqavilə ilə qurulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında Türk Dövlətləri Təşkilatı adlandırılıb. Hazırda bu beynəlxalq qurum Türk dövlətlərinin birlik, qardaşlıq, həmrəylik mücəssəməsi olmaqla yanaşı, dünyanın siyasi və iqtisadi güc mərkəzinə çevrilməkdədir. Özbəkistan təşkilata 2019-cu ildə üzv qəbul edilib. Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.
Naxçıvan müqaviləsində təşkilatın yaradılmasında əsas məqsədlər kimi tərəflər arasında qarşılıqlı etimad, dostluq və mehriban qonşuluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və Tərəflər arasında təmasların təşviqi və s. göstərilib.
Təşkilatın strukturuna Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Türk Dövlətlərinin Ağsaqqallar Şurası və Katiblik daxildir. Eləcə də türk dövlətlərinin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə TDT-nin əlaqəli təşkilatı kimi 21 noyabr 2008-ci il tarixli İstanbul Sazişinə uyğun olaraq Türk Dövlətlərinin Parlament Assamleyası (TÜRKPA) fəaliyyət göstərir. Bundan əlavə, TÜRKSOY TDT-nin əlaqəli təşkilatı kimi, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu isə TDT-yə bağlı təşkilatlar kimi öz səlahiyyətləri çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığı, Türk dünyasının ümumi dəyərlərinin yayılması və tanınmasını, eləcə də türk mədəniyyəti və irsinin qorunması və təşviqini həyata keçirirlər.
Dövlət Başçıları Şurası təşkilatın ən yüksək struktur bölməsi hesab olunur. İldə bir dəfə təşkil olunan Dövlət Başçıları Şurası öz fəaliyyətini tərəflərin dövlət başçılarının mütəmadi görüşləri formasında həyata keçirir. Bu çərçivədə: aktual beynəlxalq problemlərin həlli üzrə tərəflərin qarşılıqlı əlaqəsi məsələləri nəzərdən keçirilir, TDT çərçivəsində tərəflərin əməkdaşlığının prioritet istiqamətləri müəyyən olunur. Dövlət Başçıları Şurasının növbəti iclasını qəbul edən tərəf DBŞ-nin sonrakı növbəti iclasınadək TDT-nin sədri kimi fəaliyyət göstərir. Qəbələ şəhərində keçiriləcək 12-ci Zirvə görüşünün sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək. Naxçıvan müqaviləsinə görə, TDT yanında müşahidəçilər və tərəfdaşlar statusu dövlətlərə, beynəlxalq təşkilatlara və digər qurumlara verilə bilər. 2021-ci ildə Türkmənistan, 2022-ci ildə Şimali Kipr Türk Respublikası TDT-yə müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-də müşahidəçi statusu verilib.
Türk dövlətləri birliyinin təməlinin qoyulmasının, kökündə xalqların etnik köklərə malik olmaları, dil birliyi, milli ənənələrin yaxınlığı, bir-birinə oxşarlığı, türkdilli xalqların ənənəvi dəyərlərə sadiqliyi, zəngin və qədim tarixi, ortaq mədəniyyəti, tarixi keçmişi, Türk dövlətlərini sıx birləşdirən xalqların qarşılıqlı səmimi dostluq münasibətləri, liderlərin siyasi iradəsi, siyasi, iqtisadi, coğrafi məkan, demoqrafik vəziyyət, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səyləri, zəngin təbii resursları, onların nəqli üçün müasir infrastrukturların yaradılması, Mərkəzi Asiyanı, Qafqazı, Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin yaradılması zərurəti dayanır. Lakin bu birliyin inkişafına güclü təkan verən, təşkilatın daha sıx formalaşmasını intensivləşdirən tarixi hadisə məhz Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəridir. Bu tarixi Qələbə, həmçinin bir günlük antiterror əməliyyatı yalnız Azərbaycan xalqının deyil, bütöv Türk dünyasının qürurunu artırdı, özünəinamını qaytardı, kimliyini dərk etdirdi. Rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən sonra Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq daha da gücləndi və bu, bu gün yüksələn xətlə inkişaf edir. Bu gün türk dövlətləri təkcə mədəni, iqtisadi deyil, siyasi və digər sahələrdə də güclərini birləşdirir və inkişaf etdirirlər. Xüsusilə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun mədəni irsinin bərpası istiqamətində Türk dövlətlərinin Azərbaycana dəstəyi, əslində, həm də böyük siyasi mahiyyət kəsb edir.
Azərbaycan öz əməli addımları ilə daim bu təşkilata xüsusi önəm və töhfə verib. Dövlətimizin başçısı2024-cü il prezident seçkilərində inamlı qələbəsindən sonra fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirmişdi: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Davamlı şəkildə keçirilən yüksək səviyyəli görüşlər, müzakirələr, birgə layihələr bu təşkilatın inkişafında müstəsna rol oynayır. 2025-ci il mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü də bu mənada xüsusi əhəmiyyət kəsb edir. Görüşün “Şərq və Qərbin Görüş Nöqtəsi” şüarı altında baş tutması mahiyyət etibarilə Türk Dövlətləri Təşkilatının məqsədinin, gələcək hədəfinin Şərq və Qərb arasında körpü rolunu oynamaqdan ibarət olduğunu göstərir. Azərbaycanın təşkilatın inkişafında, türk dövlətləri arasında əlaqələrin genişlənməsində oynadığı rol xüsusi vurğulanmalıdır. 2024-cü il iyulun 6-da Azərbaycanın təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, mühüm məsələləri əhatə edən Qarabağ Bəyannaməsinin qəbulu böyük əhəmiyyətə malikdir. Bu sənəd Türk dünyasının həmrəyliyinin, üzv ölkələr arasında əməkdaşlığın, təşkilatın beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə dəyərli töhfələr verməkdədir. Prezident İlham Əliyev Zirvə görüşündə bir daha bəyan etmişdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.
Təbii ki, dünyada geosiyasi gərginliklərin, regional münaqişələrin və təhdidlərin artıdğı bir vatxda türk dövlətlərinin vahid bir mərkəzdə birləşərək barışdırıcı mövqe sərgiləməsi, sülh təşəbbüsləri ilə çıxış etməsi olduqca təqdirəlayiqdir. Həmçinin bu gün dünyanın müxtəlif bölgələrində baş verən toqquşmalar təşkilata üzv ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın zəruriliyini gündəmə gətirmişdir. 2024-cü il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü Türk dünyası üçün siyasi-iqtisadi, mədəni və strateji aspektlərdən geniş əhəmiyyət daşıyan bir hadisə oldu. Zirvə görüşü Türk dövlətlərinin birgə fəaliyyətlərinin daha da gücləndirilməsi, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi və ortaq gələcək üçün strateji planların hazırlanması baxımından vacib platforma rolunu oynadı.
Bu gün dünya nizamının yenidən formalaşdığı bir dövrdə TDT i qtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, turizm, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər istiqamətlər üzrə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir. HəmçininTÜRKPA, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, xüsusilə isə praktiki mərhələyə keçid üçün vacib olan Türk İnvestisiya Fondu kimi bağlı institutlar fəaliyyət göstərir. Son illərdə Mərkəzi Banklar Şurası, Yaşıl Maliyyə Şurası, nəqliyyat, gömrük, rəqəmsallaşma və təhlükəsizlik üzrə sahəvi dialoq mexanizmləri də yaradılıb.
Bu gün Azərbaycanın ciddi səyləri, əməli addımları sayəsində türk birliyi ən yüksək əməkdaşlıq zirvəsinə qalxıb. Türk dövlətləri dünyada baş verən bütün qlobal siyasi proseslərə, eləcə də təbii böhranlara qarşı birgə mübarizə aparırlar. Türk dünyasının birliyi, bərabərliyi və həmrəyliyi bütün dünyada sülhə, əməkdaşlığa, rifaha, tərəqqiyə böyük töhfələr verəcək. Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvə görüşü bu istiqamətdə yeni səhifə açacaq.
Zahid Rza, “İki sahil”