10 oktyabr 2025 00:14
203

Dünyanın üçüncüsü, Avropanın birincisi…

Bu gün Almaniya Azərbaycanın ilk beş ticarət tərəfdaşından biridir

Bu ilin yanvar-sentyabr aylarında qlobal ümumi daxili məhsul (ÜDM) 110 trilyon dollara çatıb və təkcə ABŞ bu rəqəmin dörddə birindən çoxuna sahibdir. Beynəlxalq iqtisadi təşkilatların araşdırmalarına görə, dünyanın ən böyük 12 iqtisadiyyatına  G7- nin (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa və Yaponiya) bütün üzvləri, həmçinin dörd ən böyük BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) iqtisadiyyatı daxildir.

2025-ci ilin oktyabr ayına olan məlumata görə, cari ildə ABŞ 30 trilyon dollardan çox ümumi daxili məhsulla dünyanın ən böyük iqtisadiyyatına sahib olub. Bu ölkənin ÜDM-ə ən böyük töhfə verən sahələri maliyyə, daşınmaz əmlak, sığorta, biznes xidmətləri və səhiyyədir. Hesabat dövründə Çin təxminən 19,23 trilyon dollarllıq ÜDM-lə dünyanın ikinci ən böyük iqtisadiyyatına sahibdir. Çin 2000-ci ildə 6-cı yerdə olsa da, 2010-cu ildən bəri ikinci yerdədir.

Siyahıda üçüncü yerdə Almaniya qərarlaşıb. Bu ölkədə  ÜDM-in həcmi 4,7 trilyon dollar həcmində qiymətləndirilir. Almaniya dünyada üçüncü olsa da Avropada birinci iqtisadiyyata sahib olmaqla «qoca qitə» nin söz sahibidir. Ölkə nəqliyyat vasitələri, kimyəvi maddələr və digər istehsal olunan malların ən yaxşı ixracatçısıdır və yüksək ixtisaslı işçi qüvvəsinə malikdir.

Hazırda Azərbaycan Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya kimi qüdrətli ölkəsi ilə iqtisadi-ticari əlaqələrini genişləndirməyə çalışır. Bu əlaqələrin inkişafında Almaniya -Azərbaycan Ticarət Palatasının rolu böyükdür. Palatanın təşəbbüsü ilə oktyabrın 8-də Bakıda Alman-Azərbaycan ixracat və maliyyə konfransı keçirilib. Toplantıda Almaniyanın 40-dan çox iş adamı və biznes strukturunun nümayəndəsi iştirak edib. Özəl sektorun qarşılıqlı əlaqələrinin genişləndirilməsi və potensial imkanların müzakirə olunduğu konfransda  Almaniya- Azərbaycan Ticarət Palatasının sədri Narqis Viek hər iki ölkənin biznes əlaqələri üçün böyük potensiala malik olduğunu vurğulayıb.  Almaniya biznesinin dəqiqliyə və şəffaflığa daha çox üstünlük verdiyini bildirən palata sədri deyib ki, Azərbaycan qanunvericiliyi ölkədə şəffaf biznes qurmağa  imkanlar yaradır: «Konfransda hər iki tərəfin iş adamlarının tanış olması, əlaqələr yaratması üçün əlverişli zəmin hazırlanıb. Bu imkandan yararlanmaq lazımdır. Konfransda təcrübə və biliklərin paylaşması da vacib məsələlərdən biridir. Almaniya sənayesinin inkişafı yerli iş adamları və biznes qurumları üçün təcrübə ola bilər. Azərbaycanda həyata keçirilən islahatlar investisiya yatırılması, çevik və sərbəst biznesin qurulmasına imkan verir».

Məlumdur ki, son dövrlərdə alman şirkətləri Azərbaycanda qaz, nəqliyyat və bərpaolunan enerji layihələri ilə maraqlanır. Xüsusilə SEFE ilə SOCAR arasında qaz sahəsində əldə olunmuş razılaşma, həmçinin  MAN şirkətinin Azərbaycanda elektrik avtobuslarının istehsalı və yığımı ilə bağlı apardığı  müzakirələr gündəmdədir. Eyni zamanda, ötən il Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərliyi ilə 50-yə yaxın şirkətdən ibarət olan böyük biznes nümayəndə heyətinin Azərbaycanda olması yeni ivestisyaların yatırılmasına hədəflənmişdi. Bundan başqa, bu ilin aprelində Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri də iki ölkə arasında ticari-iqtisadi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərdi.

Bəs hazırda Azərbaycanla Almaniya arasında ticarət ələqəsi hansı səviyyədədir? İqtisadiyyat Nazirliyinin mətbuat üçün açıqladığı məlumatda bildirilir ki, 2025- ci ilin yanvar-avqust aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötüb və ixracın 94 faizi qeyri-neft sektorunun payına düşüb. Almaniyaya ixrac 900 milyon dollara çatıb. Həmçinin Azərbaycanın bu ölkəyə yatırımlarının həcmi isə 600 milyon dollar səviyyəsindədir. Bütün bu göstəricilərlə Almaniya Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasındadır. Hazırda Azərbaycanda 199 alman şirkəti fəaliyyət göstərir.

İqtisadçıların fikrincə, bu gün Almaniyanın külək və günəş texnologiyaları üzrə təcrübəsi Azərbaycanın onşor və ofşor layihələrində mühüm rol oynaya bilər. Xüsusilə, Xəzər dənizi böyük miqyaslı külək enerjisi layihələrinin reallaşdırılması üçün ciddi potensiala malikdir. Layihələrə görə, 2027-ci ilə qədər ölkədə 3 QVt gücündə yeni külək və günəş stansiyaları işə salınacaq.

Qeyd edək ki, Azərbaycanın maliyyə layihələrində Almaniyanın nüfuzlu maliyyə təşkilatları da yer alır. Belə ki, Azərbaycan indiyədək bu ölkənin KfW, Bayerische Landesbank və Commerzbank kimi maliyyə qurumları ilə hökumət və dövlət zəmanətli olmaqla, ümumilikdə 16 kredit sazişi imzalayıb. Sözügedən kredit sazişləri Azərbaycan iqtisadiyyatına yeni sərmayələrin axınını genşləndirməyə hesablanıb.

Elçin Zaman, «İki sahil»