Münaqişə dövründə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi çox önəmli məsələdir.
“İki sahil” xəbər verir ki, bunu "Report"un Zəngilana ezam olunan əməkdaşına açıqlamasında İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçili deyib.
Diplomat Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını məmnunluqla vurğulayıb:
"Artıq üç aydan çoxdur ki, Bakıda vəzifəmin icrasına başlamışam. Bu ərazilərə itkin düşmüş şəxslərlə əlaqədar keçirilən konfransın iştirakçıları ilə birgə gəlmişik. Həqiqətən, münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi çox önəmli məsələdir. Həmin şəxslərin ailə üzvləri onların aqibəti haqqında məlumat əldə etməlidirlər.
Fürsətdən yararlanaraq təqribən 30 ildən sonra ərazi bütövlüyü və suverenliyinin tam bərpası münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Mən əvvəlki illərdə də Bakıda işləmişəm. 27 il öncə Göygöldə olarkən oradan Qarabağ istiqamətinə baxaraq nə vaxtsa o torpaqlara gedə biləcəyim barədə fikirləşirdim. Çox şadam ki, bu arzum həyata keçib".