13 oktyabr 2025 13:27
130

Şahin Mustafayev: Azərbaycanın Vətən müharibəsindəki qələbəsi regionda nəqliyyat-logistika sahəsində yeni imkanlar yaradıb

2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil körpüsü və sərhəd-keçid məntəqəsi istismara verilib. Eyni zamanda, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin vacib komponenti olan və İranın Astara şəhərində yerləşən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Cənub Yük Terminalının tikintisinin yekunlaşmaq üzrədir.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi parlaq qələbə və işğal altında olan torpaqların azad olunması regionda yeni geosiyasi vəziyyət və nəqliyyat-logistika sahəsində yeni imkanlar yaradıb.

“Bu baxımdan, 2022-ci ildə Azərbaycan ilə İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən Araz çayı üzərində inşası davam edən Ağbənd–Kəlalə avtomobil körpüsü regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcək. Araz dəhlizinin vacib komponenti olan bu körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə tikintisinin isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır”, - deyə Şahin Mustafayev əlavə edib.

Orta Dəhlizin əhəmiyyətinə toxunan Baş nazirin müavini 2022-ci ildən etibarən dəhlizlə həyata keçirilən yükdaşımaların həcminin təxminən 90 faiz artdığını, dəhliz üzrə tranzit müddətlərinin isə nəzərəçarpacaq dərəcədə azaldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Energetika sahəsinin üçtərəfli əməkdaşlıq kontekstində perspektivlərinə toxunan Ş.Mustafayev hal-hazırda Azərbaycanın elektrik şəbəkəsi ilə həm Rusiya, həm də İran elektrik şəbəkələri arasında ayrı-ayrılıqda bağlantıların mövcud olduğunu, bu əlaqələrin elektrik enerjisinin mübadilə və ticarətini həyata keçirməyə imkan verdiyini deyib, energetika sahəsində əməkdaşlığın gündəliyində Azərbaycan, Rusiya və İran elektrik şəbəkələrinin üçtərəfli formatda əlaqələndirilməsi layihəsinin dayandığını əlavə edib.

Üçtərəfli görüşdə nəqliyyat sahəsində həyata keçirilən tədbirlərin gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini tələb etdiyi xüsusi qeyd edilib. Bildirilib ki, bu kontekstdə, gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması prioritet əməkdaşlıq istiqamətləri sırasındadır. Ş.Mustafayev həmçinin oktyabrın 14-də üç ölkənin nümayəndə heyətləri tərəfindən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriləcəyini bildirib.