13 oktyabr 2025 16:32
128

İİTKM-in nümayəndəsi Qazaxıstanda keçirilən beynəlxalq seminarda çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq seminarda çıxış edib.

“İki sahil” xəbər verir ki,  “Kölgə iqtisadiyyatının idarə edilməsi” mövzusuna həsr olunmuş seminarda kölgə iqtisadiyyatının ölçülməsi, vergi inzibatçılığının idarəetmə strategiyaları və effektiv risk idarəetməsi mövzularında beynəlxalq təcrübələr, xüsusilə iştirakçı ölkələr üzrə mövcud vəziyyəti əks etdirən təqdimatlar dinlənilib, ekspertlərlə bu əsasda müzakirələr aparılıb. Əbdülrəhim Dadaşov Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib. O, vergi islahatları, elektron xidmətlərin genişləndirilməsi və iqtisadi şəffaflığın artırılması ilə bağlı ölkə təcrübəsini auditoriya ilə bölüşüb.

BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan ölkələri üzrə Regional Potensialın Gücləndirilməsi Mərkəzi (CCAMTAC) tərəfindən təşkil olunan tədbirdə Qafqaz və Mərkəzi Asiya regionuna daxil olan 10 ölkədən 28 nümayəndə iştirak edib. Onlara kölgə iqtisadiyyatının idarə olunmasında mütərəqqi yanaşmaları öyrənmək, habelə müxtəlif ölkələrin təcrübələri ilə tanış olmaq imkanı yaradılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.