14 oktyabr 2025 09:30
168

Türkologiya Akademiyası yaradılacaqsa, fəaliyyəti necə tənzimlənməlidir?

Azərbaycanda Türkologiya Akademiyasının yaradılması təklifi irəli sürülüb. Belə bir təkliflə Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edib. O qeyd edib ki, belə bir akademiya yaradılacağı halda, təkcə türk dili ailəsi yox, fin-uqor ailəsinə daxil olan bütün xalqların ortaq dilinin inkişafı ilə bağlı mühüm tədqiqatlar aparıla bilər.

İrəli sürdüyü fikrin detalları ilə bağlı “İki sahil”ə danışan Hikmət Babaoğlu bəzi məsələlərə aydınlıq gətirib. O bildirib ki,  Azərbaycanda Türkologiya Akademiyasının yaradılması ilə bağlı səsləndirdiyi fikirlər, əslində, Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” tezisi ilə bağlıdır: “Azərbaycan Prezidenti milli və dövlət yaddaşı ilə hərəkət edərək Türk dünyasının böyük gələcəyi ilə bağlı çox mühüm addımlar atır, qərarlar qəbul edir. Həm də tarixdə iz buraxacaq mühüm ideoloji fikirlər səsləndirir. Onun “Türk dünyası bizim ailəmizdir, çünki başqa ailəmiz yoxdur” fikri türk dövlətləri tarixinin, Azərbaycan dövlətçilik tarixinin yaddaşına həkk olunacaq və Türk Dövlətləri Təşkilatının (TDT) bundan sonrakı inteqrasiya yoluna ideoloji, iqtisadi, eyni zamanda, siyasi mənada işıq tutacaq fikirdir.  Qəbələdə Azərbaycan Prezidentinin 1926-cı ildə məhz Bakıda keçirilmiş Türkologiya Qurultayının 100 illiyinin türk dövlətlərinə üzv olan ölkələrdə keçirilməsi ilə bağlı fikirlər səsləndirməsi, türk ailəsinin dillərinin tədiq olunması, öyrənilməsi və türk birliyinə doğru getdiyimiz yolda ortaq dilimizin bir mənəvi əsası kimi tədqiq edilərək birliyimiz üçün əsas vasitələrdən birinə çevrilməsi zərurətini yaradır. Türkologiya Akademiyasının yaradılması üçün məhz Bakı şəhərinin, Azərbaycanın mənəvi haqqı var və buna görə də bu cür təklif irəli sürdüm. Çünki 1926-cı ildə Bakıda keçirilən l Türkologiya Qurultayında qoyulan məsələlər o dövrün siyasi sistemi tərəfindən əzildi və qurultayda iştirak edən türkoloq alimlərimizin, az qala, hamısı repressiya illərində məhv edildi”.

Deputat bildirib ki, böyük dövlət xadimi, Türk dünyasının gələcəyinin birliyi üçün fövqəladə işlər görən Prezident İlham Əliyevin siyasi iradəsi 100 il əvvəl aktual olan məsələləri bu gün dəstəkləyir, milli yaddaşamızı yeniləyir: “Belə bir reallıqda Türkologiya Akademiyasının yaradılması, dövləti olan və olmayan bütün  türk xalqlarının dillərinin öyrənilməsi və gələcək dil birliyimiz üçün yeni imkanların yaradılması məhz Türkologiya Akademiyasından keçir. TDT-nin Nizamnaməsində də qeyd olunur ki, bu təşkilat ortaq dil və ortaq etnik kök əsasında yaradılan birlikdir. Belə olan halda bu birliyin daha da genişlənməsi üçün dil faktoruna diqqət etməliyik. Bu dil artıq dünya elminin qəbul etdiyi fin-uqor dil ailəsidir. Bu kimi məsələlər yenidən üzə çıxarılıb təbliğ olunarsa, dil birliyi əsasında yaranan TDT dünyanın gələcək nizamında kifayət qədər mühüm bir güc kimi çıxış edə, beynəlxalq təşkilata çevrilə bilər”. 

Akademik Nizami Cəfərov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında türkologiyada daha çox inkişafa ehtiyac olan sahələrdən bəhs edib. O, dil məsələlərinin araşdırıldığı halda, Türk dünyasının sosioloji, siyasi,  tarixi aspektlərdən öyrənilməsinin arxa planda qaldığını vurğulayıb: “Hikmət Babaoğlu dilçi, ədəbiyyatçı yox,  filosof, siyasətçi, sosioloqdur.  Türkologiyada da məhz bu istiqamətlərdə inkişafa ehtiyac var. Sovet dövründə türkologiyanın dildən kənara çıxmasına imkan vermədilər. Məsələn, ədəbiyyatda türkoloji fikir inkişaf etmədi. Dildə isə daha çox çalışdılar ki, dilin hansısa siyasi-ideoloji aspektlərinə gedilməsin. İşlər qrammatika, daha çox da fonetika üzərində cəmləşsin. Çünki belə olanda Türk dünyasının birliyi məsələsi yada düşmür, ortada ancaq texniki amilləri qalır. Əgər Hikmət Babaoğlu yalnız dili, ədəbiyyatı, incəsənət və mədəniyyəti deyil, bütövlükdə ideoloji, tarixi, siyasi, həmçinin iqtisadi məqamları  nəzərə alan, yəni türk məkanında inteqrasiyanın bu günə kimi öyrənilməyən tərəflərini öyrənə biləcək akademiyanın yaradılmağını təklif edirsə, bunu alqışlamaq lazımdır”.

Akademik bildirib ki, əks halda, yenə  yalnız dil, ədəbiyyat, folklor və epos kimi  məsələlərlə məşğul olacaq bir mərkəz yaradılacaqsa, buna ehtiyac yoxdur. O, bu cür işlərlə məşğul olunduğunu qeyd edib: “Burada bir başqa məsələ də var. Dil, ədəbiyyat sahələrində aparılan tədqiqatlardan  sonra yığılmış materialların ideoloji, fəlsəfi şərhi də lazımdır. Azərbaycanlı, türkmən, özbək insanı var, bunu bilirik.  Bir də var ki, ümumiyyətlə, Türk dünyasına məxsus insan nə deməkdir? Belə bir obraz doğrudan da varmı? Bu cür suallara cavab verəcək  bir Akademiyanın yaradılmasına ehtiyac var. Düşünürəm ki, Hikmət Babaoğlu da məhz bu cür məsələləri nəzərdə tutub”.

Aygün İbrahimli