14 oktyabr 2025 13:34
115

Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyasının ilkin versiyası hazırdır

"2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın ilkin versiyası hazırlanıb.

“İki sahil” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı paytaxtda keçirilən 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisində ("Baku Build-2025") və 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2025") bildirib.

Onun sözlərinə görə, sənəd hökümət daxilində müvafiq müzakirələrdən keçir və bu yaxınlarda müvafiq qaydada təqdim olunacaq: "Bildiyiniz kimi, ölkə Prezidenti Azərbaycanda "2030 gələcəyə baxış strategiyası" həyata keçirir. Bu strategiya iki hissiyə bölünüb. Yəni, biz 2022-26-cı illər üzrə mərhələni demək olar ki, yekunlaşdırmaq üzrəyik. Dövlət başçısının tapışırığı ilə artıq "2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" hazırlanır. Onun təsdiq edilməsi gələn ilə gözlənilir. Bildiyiniz kimi, Böyük Qayıdışla bağlı inkişaf məsələləri bizim dövlətimizin ümumi strategiyasının bir hissəsidir. Bu günə qədər Böyük Qayıdışla bağlı 21,5 milyard manat xərclənib. 2026-cı ilin sonuna qədər bu rəqəm 30 milyard manata yaxınlaşacaq. 2027-30-cu illər üçün hələlik resurs sərfi nəzərdən keçirilmir, amma fikirləşirəm ki, 14-15 milyard manat nəzərdə tutulacaq".

V.Qasımlı əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə artıq klasterləşmə prosesi gedir: "Şuşa yaradıcı, Ağdam emal sənayesinin, Cəbrayıl logistikanın mərkəzinə çevrilib. Artıq Zəngəzur dəhlizində biz üstün mövqəyə malikik. Ən böyük güclər belə artıq istəyir ki, bizlə işləsinlər, prosesdə iştirak eləsinlər, öz tövhələrini versinlər".