14 oktyabr 2025 18:02
152

İİTKM Sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində 2026-cı il üzrə indikativ planlaşdırma tədbirlərinə start verib

İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində 2026-cı il üçün nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlərin keçirilməsinə başlanılıb.

“İki sahil” xəbər verir ki, proses çərçivəsində oktyabr-noyabr ayları ərzində Strategiya üzrə əsas icraçı qismində müəyyən edilmiş 32 qurumla müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə Strategiyaya dair 2026-cı il üzrə nəticə indikatorları müəyyənləşdirilir, qarşıda duran vəzifələr və perspektivlərlə bağlı müzakirələr aparılır, monitorinq və qiymətləndirmə prosesi üzrə hesabatlılığın optimal qaydada təşkilinə dair mühüm məqamlar nəzərdən keçirilir.

İİTKM-in monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları ilk gün keçirilən görüşlərdə Azərbaycan İnvestisiya Holdinqinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Azərişıq” ASC-nin və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun nümayəndələri iştirak ediblər.

Görüşlərdə dövlət qurumlarının nümayəndələri ilə 2026-cı il üzrə qarşıda duran vəzifələr və perspektivlər müzakirə edilib, həmçinin görüşlərdə gələcək hədəflərə uyğun nəticə indikatorlarının hazırlanması, dövrün sonuna monitorinq və qiymətləndirmənin aparılması məqsədilə 2026-cı il üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün müvafiq tövsiyələr verilib.