15 oktyabr 2025 09:28
117

Bakı metrosunda problem yaranıb

Bu gün Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metroda Dərnəgül-Nizami istiqaməti xüsusi sahə sayılır: "Nizami" və "İnşaatçılar" stansiyalarının arasında xüsusi maililik var. Biz sentyabrın 15-dən intervalları azalda bilmişik. Buna görə də sərnişinlərə hüdud xəttini keçməmək, qapıları saxlamamaqla bağlı müntəzəm müraciətlər edirik. Çünki intervallar azaldıldıqdan sonra hər saniyə belə xüsusi əhəmiyyət kəsb edir".

Metro rəsmisi əlavə edib ki, qatar hər hansı stansiyada sürətini aşağı salarsa, müəyyən vaxt itirir: "Məsələn, bir qatar "Elmlər Akademiyası" stansiyasını tərk etməmiş digər qatar "İnşaatçılar" stansiyasından hərəkət etmir. Nəticədə qatarlar yığılıb qalır. Hazırkı problemin kökü "20 Yanvar" stansiyasındadır. İndi sərnişin axınının, sıxlığın tənzimlənməsi üçün işlər görülür".