15 oktyabr 2025 12:00
110

Xaçmaz şəhərində istehlakçılar üçün "Açıq qapı” günü keçirilib

“Açıq qapı” günündə istehlakçı hüquqları və bu sahəni tənzimləyən əsas qanunvericilik aktları barədə məlumat verilib, istehlakçı hüquqları ilə bağlı təcrübədə rast gəlinən pozuntularla əlaqədar qanunvericiliyin tələbləri izah edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Bu çərçivədə Dövlət Agentliyinin Xaçmaz şəhərində yerləşən 3 saylı regional bölməsində (əhatə etdiyi rayonlar: Quba, Qusar, Xaçmaz, Şabran) istehlakçılar üçün “Açıq qapı” günü təşkil olunub. 

50-ə yaxın istehlakçının iştirak etdiyi tədbirdə əvvəlcə Agentliyin fəaliyyət sahələrini əks etdirən videoçarx nümayiş olunub. İştirakçılara istehlakçı hüquqları və bu sahəni tənzimləyən əsas qanunvericilik aktları barədə ətraflı məlumat verilib. Daha sonra təcrübədə müşahidə olunan istehlakçı hüquqlarının pozulması halları ilə bağlı müraciətlər dinlənilib, həmin pozuntularla bağlı qanunvericiliyin tələbləri izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bundan əlavə, istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən dövlət orqanları və məhkəmələrin bu sahədə rolu barədə geniş məlumat verilib.