16 oktyabr 2025 10:34
153

Azərbaycan-Belarus birgə istehsal müəssisələrinin yaradılması nəzərdən keçirilir

Azərbaycanın iqtisadi inkişafı yalnız bir sahəyə deyil, müxtəlif sektorların güclü birləşməsinə və davamlı siyasətə söykənir bu isə ölkəmizin iqtisadi müstəqilliyinin gücünü və davamlı inkişafını aydın şəkildə nümayiş etdirir. Belə ki, bu müstəqillik yalnız neft-qaz sektoruna deyil, həmçinin qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin inkişafına, eləcə də ölkənin enerji təhlükəsizliyi və diversifikasiyasına yönəlmiş strateji təşəbbüslərə əsaslanır. İqtisadiyyatın yalnız neft-qaz sektoru ilə məhdudlaşmaması, qeyri-neft sektorunun ÜDM-dəki payının artması, ixrac coğrafiyasının genişlənməsi və yerli istehsalın gücləndirilməsi Azərbaycanın xarici təsirlərə qarşı dayanıqlılığını daha da yüksəldir. Bu yanaşma, həmçinin iqtisadi göstəricilərdə müşahidə olunan yüksək artım tempini dəstəkləyir və ölkənin iqtisadi inkişafını uzunmüddətli perspektivdə təmin edən əsas amillərdən biri kimi çıxış edir. Bu iqtisadi siyasətin praktik göstəricilərindən biri kimi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Belarus Ticarət və Sənaye Palatasının Minsk bölməsinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib. Tədbirdə iki ölkədən ümumilikdə 40 şirkətin nümayəndələri iştirak ediblər. Forum iştirakçılarına biznes qurumları arasında yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək, tərəfdaşlıq əlaqələrini gücləndirmək və birgə layihələr üçün münasib zəmin yaratmaq imkanı verir. Forum çərçivəsində həm Azərbaycan, həm də Belarus şirkətləri iqtisadi və ticarət sahələrində mövcud imkanlarını təqdim edir, qarşılıqlı investisiya layihələrini müzakirə edir və yeni əməkdaşlıq perspektivlərini müəyyənləşdirirlər. Qeyd edək ki, Azərbaycan ilə Belarus arasında iqtisadi-ticarət əlaqələri həmişə qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslanır. Bu əlaqələr yalnız biznes mühitinin inkişafına deyil, həm də hər iki ölkənin xalqlarının rifahına və dövlətlərin iqtisadi qüdrətinin güclənməsinə töhfə verir.

Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunda Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktorunun müavini Tural Hacılı, Belarus Ticarət-Sənaye Palatasının Minsk bölməsinin xarici iqtisadi əlaqələr üzrə baş direktor müavini, “Belarus Respublikasının ixrac potensialının təqdimatı” nümayəndə heyətinin rəhbəri İrina İvanova və digər şəxslər iştirak ediblər.  Forumda, həmçinin AZPROMO-nun investorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Emin Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Katibliyinin rəhbər müavini Əmir Şirinbəyli və “Velikiy Kamen” Sənaye Parkının investorlarla iş üzrə idarə rəisi Roman Aleynikov tərəfindən təqdimatlar nümayiş olunub. Tədbir çərçivəsində iştirakçılar iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının perspektivlərini müzakirə edib və yeni investisiya imkanlarını dəyərləndiriblər.

Tədbir çərçivəsində kənd təsərrüfatı, sənaye, logistika, tikinti və qida sənayesi kimi sahələrdə birgə layihələr müzakirə olunub. İştirakçılar bu biznes forumunu iki ölkə arasında strateji iqtisadi tərəfdaşlığın dərinləşməsi və yeni kommersiya əlaqələrinin qurulması baxımından mühüm platforma kimi qiymətləndiriblər. Qeyd ediblər ki, iqtisadi forumların təşkilində  əsas məqsəd ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının mövcud səviyyəsini yeni mərhələyə daşımaq, birgə investisiya layihələrinin həyata keçirilməsi və qarşılıqlı ixrac imkanlarının artırılması üçün real addımların atılmasına şərait yaratmaqdır. Forumda iştirakçı şirkətlər qarşılıqlı maraq doğuran məhsul və xidmətlərini təqdim edərək, birgə istehsal və ixrac layihələri üzrə əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Forumda çıxış edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç iki ölkə arasında formalaşmış sıx və etibarlı münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb. Bildirib ki, Azərbaycan ilə Belarus arasında əməkdaşlıq son illər ardıcıl şəkildə genişlənir və bu, qarşılıqlı etimada, bərabərhüquqlu tərəfdaşlığa əsaslanır. Belə tədbirlər iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə, regionda ticarət dövriyyəsinin artmasına və uzunmüddətli tərəfdaşlıq üçün etibarlı platformanın formalaşmasına mühüm töhfə verir. Səfir qeyd edib ki, hər iki ölkə iqtisadi, sənaye, kənd təsərrüfatı və texnoloji sahələrdə böyük potensiala malikdir və bu potensialın reallaşdırılması üçün belə biznes forumlar mühüm əhəmiyyət daşıyır. Dmitri Pineviç, həmçinin vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, birgə istehsal müəssisələrinin yaradılması və innovativ layihələrin təşviqi gələcək əməkdaşlığın əsas istiqamətlərindən olacaq. Hazırda ixrac-investisiya layihəsi çərçivəsində həyata keçirilən sahələrdən biri yenilənmə mərhələsindədir: “Biz beynəlxalq sənaye forumlarının və platformalarının bir hissəsinə çevriləcək birgə müəssisələrin yaradılmasına çalışırıq. Bu, uzunmüddətli əməkdaşlığın və istehsal potensialının möhkəmlənməsinin əsasını qoyur”. Diplomat əlavə edib ki, yenilənmiş investisiya layihələri dayanıqlı inkişafı və müasir texnologiyaların tətbiqini nəzərdə tutur ki, bu da istehsalın səmərəliliyini artırmağa və xərcləri azaltmağa imkan verəcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı  bildirib ki, cari ilin yanvar-avqust aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi təxminən 274 milyon ABŞ dolları təşkil edib. Ötən ilin iyun ayında baş tutan Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 14-cü iclasında təsdiqlənmiş 2024-2025-ci illər üçün Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin ardıcıl icrası iki ölkə arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişlənməsinə ciddi təkan verir. Tural Hacılı vurğulayıb ki, Azərbaycanın Belarusa ixracı 77 faiz artaraq 52 milyon dollara çatıb. O, əlavə edib ki, Azərbaycan biznes əməkdaşlığının daha da dərinləşməsi üçün bütün maraqlı tərəflərə hərtərəfli dəstək göstərməyə hazırdır. AZPROMO rəsmisi, həmçinin vurğulayıb ki, 2025-ci il sentyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda sənaye, ticarət, tikinti, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərən 127 Belarus şirkəti qeydiyyatdan keçib, onlardan 85-i aktiv fəaliyyət göstərir. Azərbaycanda traktor parkının 80 faizədək hissəsini Belarus istehsalı olan texnikalar təşkil edir ki, bu da iki ölkə arasında sənaye tərəfdaşlığının yüksək səviyyəsindən xəbər verir.

Tural Hacılı diqqətə çatdırıb ki,  Azərbaycan və Belarus ölkələr arasında ticarət-investisiya və sənaye əməkdaşlığını tənzimləyən 140-dan çox sənəd imzalayıblar. Biznes forumun yekununda “Rogachev Süd Emalı Kombinatı” ASC ilə “FOODINI” MMC arasında qatılaşdırılmış süd, kərə yağı və quru süd məhsullarının tədarükü üzrə müqavilə, eləcə də “Rogachev Süd Emalı Kombinatı” ASC ilə “YAYLAQ” MMC arasında kərə yağı və quru süd məhsullarının tədarükü üzrə müqavilə imzalanıb.

Şəmsiyyə Əliqızı, “İki sahil”