16 oktyabr 2025 13:20
117

Azərbaycanın beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı BƏƏ-də tutularaq ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir sıra şəxslərlə mütəşəkkil dəstə yaradaraq xüsusilə külli miqdarda pul vəsaitlərini (kriptovalyuta) qanunsuz olaraq xarici ölkələrə və xarici ölkələrdən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olmuş və mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakı leqallaşdırma (Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri) kimi cinayət əməllərini törətməkdə ittiham edilmiş Rusiya vətəndaşı Sergey Sergeyevin yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.

BƏƏ ilə mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqaviləyə əsasən səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə səmərəli danışıqlar aparılıb. Nəticədə həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub və S.Sergeyev Azərbaycana gətirilərək məhkəmənin həbs qərarına əsasən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.