16 oktyabr 2025 14:02
111

Gürcüstan parlamentinin sədri Venesiya Komissiyasını sərt tənqid edib

Gürcüstanı başqa ölkələrdən fərqləndirmək düzgün deyil. Amerikada məqbul olanın gürcülər üçün məqbul olmadığı qənaətinə gəlmək tamamilə absurddur. Venesiya Komissiyasının gürcü xalqına qarşı seqreqativ yanaşması isə başqa məsələdir.

“İki sahil” xəbər verir ki,  bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Venesiya Komissiyasının “Xarici agentlərin qeydiyyatı haqqında” və “Qrantlar haqqında” qanunlar haqqında dərc olunan rəyini şərh edərkən söyləyib.

Papuaşvilinin sözlərinə görə, son illər Venesiya Komissiyası hüquqi deyil, siyasi nəticələri dərc edir. Parlamentin sədri hesab edir ki, Venesiya Komissiyası Amerikanın FARA-sı haqqında qanunun aliliyinə zidd olduğunu deməyə cəsarəti çatmayıb.

"Uzun müddətdir deyirik ki, təəssüf, Venesiya Komissiyası artıq bir neçə ildir öz praktikasını tamamilə dəyişib. Bundan əvvəl Venesiya Komissiyasının açıq-aydın hüquqi nəticələri var idi. Lakin artıq bir neçə ildir biz görürük ki, bunlar siyasi nəticələr və siyasi hesabatdır. Amerikada qüvvədə olan FARA haqqında danışsalar, bunun qanunun aliliyinə zidd olduğunu söyləməyə cəsarət etməzlər", - deyə Papuaşvili vurğulayıb.