Azərbaycanın müstəqilliyi Türk dünyasının azadlıq məşəlidir.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a Türkiyənin Böyük Birlik Partiyasının (GUP) sədri Mustafa Destici Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü münasibətilə müsahibəsində bildirib.
Siyasətçi “Azərbaycana baha başa gələn müstəqilliyin əsrlər boyu qalacağına” əminliyini ifadə edib.
Mustafa Destici Azərbaycanın müstəqilliyini Türk dünyasına ümid bəxş edən ümumi qürur mənbəyi adlandırıb.
“Azərbaycan üçün əlamətdar olan bu gündə qardaş ölkənin müstəqilliyinə töhfə verən bütün dövlət xadimlərini minnətdarlıq və dualarla xatırlayıram. Şəhidlərin xatirəsini ehtiramla yad edir, qəhrəman Azərbaycan xalqını təbrik edirəm”, - deyə Destici Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın “Bir millət, iki dövlət” kəlamı kontekstində əbədi davam edəcəyini vurğulayıb.